Sizin reklam burada
Sizin reklam burada

"Təxminən ümumilikdə 30-35 təklif verildi" - Partiya sədri

"Təxminən ümumilikdə 30-35 təklif verildi" - Partiya sədri




Sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda onlayn formatda görüş keçirib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev görüşdə iştirak edən siyasi partiya rəhbərlərini Prezident İlham Əliyevin adından salamlayıb, onlara ölkədə milli həmrəylik, siyasi dialoq mühitinin təşviqinə xidmət edən müxtəlif səpkili layihələrdə fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

Ə. Vəliyev qeyd edib ki, bu gün Azərbaycan çoxəsrlik tarixinin ən şərəfli dövrünü yaşayır, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib dövlət və qalib xalq olmağımızla Azərbaycan dövlətçiliyi tarixində mahiyyət etibarilə tamamilə yeni inkişaf mərhələsi başlayıb. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddət ərzində davam edən təcavüz və işğal siyasətinə son qoyulub.

Ölkədə cərəyan edən siyasi proseslər barədə danışan Ədalət Vəliyev Prezident İlham Əliyevin sistemli və çoxşaxəli inzibati-siyasi islahatlarının nəticəsində sağlam iqtidar-müxalifət dialoqunun, yeni siyasi konfiqurasiyanın qurulduğunu, siyasi partiyalarla işin yenidən təşkil edildiyini diqqətə çatdırıb. O, dövlətimizin başçısının tapşırığı əsasında siyasi partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirildiyini və hər bir görüşün nəticələrinin təhlil olunaraq irəli sürülən təkliflərin öyrənildiyini, müvafiq addımların atıldığını deyib. Həmçinin bildirilib ki, “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsinə dair siyasi partiyalar tərəfindən təqdim olunmuş təkliflər müzakirə edilir.

Qeyd olunub ki, iqtidar-müxalifət dialoqu nəticəsində cəmiyyətdə yeni yanaşma müşahidə olunmaqdadır və siyasi partiyaların respublikanın ictimai-siyasi həyatında daha yaxından iştirakının təmin edilməsi məqsədilə siyasi partiya liderləri müxtəlif mətbuat orqanlarında və televiziya kanallarında çıxış etmək üçün dəvət olunurlar.

Ə. Vəliyev siyasi partiyaların mütləq əksəriyyətinin xarici təhdidlərə qarşı birlik nümayiş etdirdiyini, 8 birgə bəyanat və 2 birgə müraciət imzalandığını xatırladaraq Vətən müharibəsi zamanı bu milli həmrəyliyin bütün dünyaya Azərbaycan xalqının ümummilli məsələlərdə hər zaman birləşməyə hazır olduğunu göstərdiyini xüsusi qeyd edib.

Partiya sədrlərinin çıxışlarında ölkədə davamlı sabitliyin qorunması və dövlətin inkişafı naminə bütün imkanların səfərbər olunmasında siyasi dialoq mühitinin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə sağlam əməkdaşlığın davam etdirilməsinə hazırlıq ifadə olunub. Qeyd edilib ki, qısa müddət ərzində əldə olunmuş uğurlu əməkdaşlıq nümunələrinin sayı artırılmalı, dayanaqlı dialoq ənənələri daha da dərinləşdirilməli, bütün səylər ölkənin inkişafı və xalqın rifahına yönəldilməlidir.

Görüşdə iştirak edən AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, onlayn formatda görüş 44 günlük Vətən müharibəsində qələbədən sonra bu formatda keçirilmiş ilk və vacib tədbir idi: “Biz də belə bir tədbirin keçirilməsini təklif eləmişdik. Müşavirədə bir sıra həlli vacib olan məsələlər müzakirə olundu. Partiya sədrləri fikirlərini bildirdilər, təkliflərini verdilər. Təxminən ümumilikdə 30-35 təklif verildi. Qarşıdakı dönəmdə siyasi partiyalar ölkədə siyasi münasibətləri hansı şəkildə görmək istəyirlər, siyasi sistemdə hansı dəyişikliklər vacibdir kimi məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Hörmətli Ədalət müəllim də sonda qeyd elədi ki, təkliflərin hər biri qeyd olunub və nəzərə alınacaq, gələcəkdə də müzakirələr aparılacaq. Bir sıra təkliflərin yaxın gələcəkdə reallaşması gözlənilir. Belə bir fikir də səsləndi ki, gələn ayın əvvəlindən başlayaraq siyasi partiyaların rəhbərləri ilə silsilə görüşlər keçiriləcəyi gözlənilir. Ədalət müəllim vurğuladı ki, ölkənin Prezidentinin bu cür siyasi münasibətlərin formalaşması və davamlı olması ilə bağlı siyasi iradəsi var və tapşırıq da dövlətin başçısından gəlib ki, ölkədə çoxpartiyalı sistemin daha əhəmiyyətli olması, inkişaf etdirilməsi istiqamətində addımlar atılsın. Bu cür görüşlər, müzakirələr Azərbaycan dövlətinin inkişafına, demokratik institutların inkişafına, milli birliyin qorunub saxlanmasına, inkişaf etdirilməsinə töhfə verəcək”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə bildirdi ki, ölkənin çoxsaylı problemlərinin olduğu bir vaxtda siyasi qarşıduradansa siyasi dialoq və əməkdaşlıq daha üstündür. Amma bir şərtlə ki, bu dialoq və əməkdaşlığın konkret nəticələri olsun: “Bu barədə 9 sentyabrda keçirilən müzakirələrdə də açıq fikirlər bildirilib.Ədalət Vəliyevin də çıxışı daxil 19 çıxış oldu. Çıxış eləyənlərdən biri də mən idim. Mənim mövzum ”Yeni reallıqlar inkişaf perspektivləri" idi. Qeyd elədim ki, yeni reallıq ondan ibarətdir ki, ikinci Qarabağ müharibəsində qalib gələn ölkəmiz artıq yeni dövrə - müharibə sonrası dövrə daxil olub. Bu dövrün yeni tələbləri var. Çox istərdim ki, bu dövr tarixə böyük açılım və quruculuq dövrü kimi düşsün. Ona görə də hansı addımlar atılmalıdır onları dedim. İlk növbədə ölkədə demokratik islahatlar aparılmalıdır, o cümlədən siyasi islahatlar. İkincisi, ən böyük reallıq müharibədə qalib gələn xalqımızın yeni dövrə müzəffər xalq kimi daxil olması, millətləşmə və dövlətləşmə prosesinin yeni mərhələyə keçməsi, xalqın arzu və tələblərinin yüksəlməsidir. Yəni xalq əvvəlki xalq deyil və bu nəzərə alınmalıdır. Üçüncü ən böyük məsələ millət-ordu düsturuna dönülməsidir və bu nəzərə alınmalıdır.

Mənfi yüklü reallıqları da qeyd elədim. Məsələn, onlardan biri Rusiya silahlı qüvvələrinin uzun müddətdən sonra yenidən “sülhməramlı” adı altında ölkəmizə geriyə dönməsi, Rusiyanın 5-ci kolonunun yenidən ruhlanmasıdır.

Çıxışlardan sora hörmətli Ədalət Vəliyev bildirdi ki, çıxışlarda qaldırılan məsələlər ümumiləşdiriləcək və dövlət başçısına çatdırılacaq. Ona görə də mən çıxışımın yazılı mətnini də göndərdim ki, təkliflər orada nəzərə alınsın və təhrif olunmasın. Bu cür görüşlərin, toplantıların, dialoqun əhəmiyyəti var. Bu gün həyati vacib milli birliyə ehtiyacımız var. Yaranmış vəziyyət ölkədaxili siyasi dialoqun yeni daha yüksək səviyyəyə qaldırımasını, dərinləşdirilməsini, birgə ümummilli siyasətin işlənib hazırlanmasını və həyata keçirilməsini tələb edir".

AXP sədri Pənah Hüseyn isə bildirdi ki, sözügedən onlayn tədbirə AXP sədri olaraq dəvət edilib və iştirak edib: “AXP dəvəti qəbul edib və mən iştirak edərək ”Postmüharibə dönəmindəki şəraitdə siyasi müxalifətin köklü islahatlarla dəyişikliklərə doğru platforması" mövzusunda çıxış etmişəm. YAP nümayəndəsi Tahir Budaqovun çıxışında və Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin yekun çıxışında mövqe və bir sıra tezislər diqqətimi çəkdi. Partiya sədrləri Sərdar Cəlaloğlu, Fazil Mustafa, İlqar Məmmədovun çıxışlarında bəzilərini bölüşməsəm də, maraqlı fikirlər və təkliflər səsləndirildi. Konfrans 3 saatdan çox çəkdi, diskussiya şəraitində keçdi, məncə, ciddi və faydalı siyasi tədbir oldu. Nəticəsiz və təsirsiz qalmayacağını düşünürəm".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ