Sizin reklam burada
Sizin reklam burada

“Moskva Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi hazırlayır...” - GƏLİŞMƏ

“Moskva Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi hazırlayır...” - GƏLİŞMƏ




10 noyabr 2020-ci il kapitulyasiya aktından 9 aya yaxın vaxt ötsə də Ermənistan imzaladığı bu sənədin məntiqi davamı kimi Azərbaycanla böyük sülh müqaviləsi imzalamaq istəmir. Çünki hələ də ölkəmizin ərazi bütövlüyünü tanımaqdan israrla yayınır, Qərblə yeni məkrli oyunlar, gedişlər hesabına, ATƏT-in Minsk Qrupunu diriltmək və “öz müqəddəratını təyinetmə” prinsipini gündəmə qaytarmaq hesabına Azərbaycandan torpaq qoparacağına ümid edir.

İki ölkə sərhədində yaşanan insidentlərin, erməni təxribatlarının arxasında dayanan əsas motiv, başlıca hədəf məhz budur: ərazi ilhaqı. Sözsüz ki, Bakı İrəvanın bu hiyləsindən xəbərdardır. Odur ki, Azərbaycan dövləti tezliklə özünə gəlib toparlanması faktiki mümkünsüz olan Ermənistana kiçicik şans belə saxlamır və saxlamayacaq.

Analitiklərin bu yöndə təhlil və proqnozları da müstəsna olaraq, Azərbaycanın və eyni zamanda qardaş Türkiyənin xeyrinədir.

*****

“Azərbaycan Ermənistana maksimum təzyiq göstərir ki, qarşıdurma zonasında üstünlük əldə etsin və danışıqlar zamanı sövdələşmədə bundan istifadə etsin. Belə bir sövdələşmənin getdiyi isə tamamilə aydın və ortadadır. Nikol Paşinyan və İlham Əliyevin Moskva səfərlərinin dinamikasına görə bunu söyləmək olar. Erməni liderin səfərindən sonra çətin kompromislər və qərarlar barədə danışıldı, Əliyevlə görüşdə isə Rusiya prezidenti müzakirə olunan və ola bilsin kağız üzərində əksini tapacaq kompromis həll yollarına görə ona minnətdarlığını bildirdi”.

“Yeni Müsavat”ın məlumatına görə, bu fikri rusiyalı politoloq Andrey Aryaşov iki ölkə sərhədindəki və bölgədəki durumu erməni mediasına şərh edərkən söyləyib.

Onun sözlərinə görə, Moskvada aparılan danışıqlar Ermənistanla Azərbaycan arasında Türkiyənin iştirakı olmadan sülh müqaviləsinin bağlanması ilə bağlıdır. “Bu kontekstdə, şübhəsiz ki, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri müzakirə olunur. İstisna deyil ki, prosesin əsasında Rusiya Baş Qərargahının xəritələri duracaq - hansı ki, artıq Bakı və İrəvana təqdim edilib”, - deyə politoloq ehtimal edib.

Bu xüsusda o hesab edir ki, Azərbaycan Silahlı Qüvvələri çətin ki, sərhəddən elə-belə geri çəkilsin və Rusiya sərhədçiləri də tərəflər arasında mövqe tüstün: “Azərbaycan qüvvələrinin Gegarkunik (Kəlbəcər - red.) və Sünikdə (Zəngəzur - red.) asanlıqla geri çəkiləcəyi ehtimalı yoxdur ki, rus sərhədçiləri qarşı tərəflər arasında dayansın. Çox güman ki, Bakı qoşunların simmetrik şəkildə geri çəkilməsi üçün mövcud qarşıdurma xəttinin əsas götürülməsində təkid edir”.

Analitikin fikrincə, Qarabağdakı hərbi məğlubiyyət və Ermənistan hakimiyyətinin danışıqlar prosesində indiki həssas vəziyyəti xüsusilə də son 10-15 ildə Ermənistanın zəifləməsinin nəticəsidir. “Bir vaxtlar ekspertlər erməni cəmiyyətinin ”Qarabağlaşması" haqqında danışırdılar, indi isə" kardaşyanlaşma"nın fəsadları ilə üzbəüzük (amerikalı “əxlaq” simvolu Kim Kardaşyan nəzərdə tutulur - red.) Bu termini mən tapmamışam, amma ümumilikdə o, əhali arasında hökm sürən hissləri və yeni ideoloji-dəyər vektorunu əks etdirir. Məhz belə ovqatın nəticəsində 2018-ci ilin yazında ölkədə qansız hakimiyyət dəyişikliyi baş verdi və ardınca yaşanan hadisələr, o sırada KTMT hərbi-siyasi ittifaqın ozamankı erməni baş katibi Yuri Xaçaturovun cinayət təqibi blok tərəfindən İrəvana inamsızlığın yaranmasına səbəb oldu", - deyə o qeyd edib.

Bu səbəbdən politoloq indiki Ermənistan hökumətinin şüursuz şəkildə dost olmayan ölkələrin və onların xüsusi xidmət orqanlarının maraqlarının yedəyində getdiyini istisna eləmir və hesab edir ki, “belə düşüncəsizlik zəifləmiş Ermənistan dövlətinə baha başa gəlir”.

Türkiyənin bölgədəki artan rolundan və mövqeyindən danışan ekspert deyib: “Ermənistandakı qərbyönlü qüvvələr Ankaranın iştirakı olmadan kollektiv Qərbin Ermənistana hansı siyasi layihəni təklif edə biləcəyini dəqiq göstərə bilmirlər. Hətta NATO-da Cənubi Qafqazın hər üç ölkəsi türk zabitlərin kurasiyasındadır. Avropa və ABŞ rəsmilərinin regiona səfərlərinə diqqət edin, onların hamısı Tiflis, İrəvan və Bakıya ardıcıl şəkildə səfər edirlər. Bu da o anlama gəlir ki, onlar bölgə ölkələri arasında fərq qoymurlar. Qərb Cənubi Qafqazın hansısa hissəsini əlahiddə üstünlüyə görə bölmür və Ermənistanı da ayırmır. Onlar üçün bu, bütöv, tam bölgədir və yaxşı olardı ki, həm də qərbyönümlü bölgə olsun. Amma başa düşürlər ki, Türkiyənin Qafqazda və Orta Asiyada öz xarici siyasət hədəfləri var, hansıları ki, Ankara həyata keçirir və buna əngəl olmağa lüzum yoxdur”.

Beləcə, politoloq sonda belə bir qənaətə də gəlir ki, Ermənistanda Rusiyanın mövcudluğuna əsas alternativ məhz Türkiyədir...

*****

Ermənistan isə sadəlövhcəsinə özünü kollektiv Qərbə Azərbaycandan daha vacib, daha önəmli ölkə kimi sırımaq, qarşılığında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına və təhlükəsizliyinə etibarlı zəmanət əldə eləmək niyyətindədir. Lakin siyasi müşahidəçilər bunun İrəvan üçün çox təhlükəli oyun olduğunu düşünürlər. Bu isə artıq bizim - Azərbaycanın problemi deyil.

“Paşinyanın Rusiyadan uzaqlaşaraq ABŞ və Fransaya yaxınlaşması Ermənistanı daha böyük faciələrə aparacaq. Çünki ortada Ukrayna və Gürcüstan təcrübəsi var”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Teleqraf.com-a bildirib.

“Ukrayna Avropaya inteqrasiya hərəkatına başlayanda Rusiyanın onu necə cəzalandırdığını gördük: Krımı ilhaq etdi, Donbasda separatizmi qızışdırdı. Avropanın özü də Ukraynanı yarı yolda qoydu. Yəni Ukrayna nə Avropa İttifaqına, nə də NATO-ya üzv qəbul olundu. Ukraynanı qorumaq əvəzinə, Rusiya ilə üz-üzə qoydular”, - deyə analitik qeyd edib.

Onun fikrincə, Ermənistanda da buna bənzər hadisələr baş verməkdədir: “Ermənistan Ukraynadan fərqli olaraq, Rusiyadan daha çox asılıdır. Rusiyanın Ermənistanda hərbi bazaları var, İran və Türkiyə ilə sərhədlərini qoruyur, fabrik və zavodları Moskvanın əlindədir və s. Əgər Paşinyan düşünürsə ki, Rusiyadan qopub Fransa və ABŞ-la yaxınlaşmaq mümkün olacaq, bu, baş tutmayacaq. Çünki bütün Ermənistan tamamilə Rusiyadan asılıdır. Digər yandan, Fransa və ABŞ gəlib Ermənistanı Rusiyadan qorumayacaq, onu da yarı yolda qoyacaqlar. Amma hadisələr bu cür inkişaf edəcəksə, bu, bizim üçün daha faydalı olacaq. Yəni öz məqsədlərimizə daha tez çata bilərik”.

Azərbaycanın əsas hədəfi isə bəlli: Qarabağın yerdə qalan kiçik hissəsində də öz suverenliyini və nəzarətini bərpa eləmək. Buna da gec-tez nail olunacaq. İrəvanda hansı məkrli planların qurulmasından asılı olmayaraq...
“Yeni Müsavat”

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ