Sizin reklam burada
Sizin reklam burada

Əhməd Əhmədzadə: Azərbaycan yüksək sürətlə inkişaf edir

Əhməd Əhmədzadə: Azərbaycan yüksək sürətlə inkişaf edir







Artıq iyirmi ildir ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü-müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin, hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən faktorlar hesab edilir


Müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Bu gün müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi daha uğurlu gələcəyə aparır. Azərbaycan Prezidenti İlham Əlıyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Ötən illərin nəticələri və yekunları bir daha sübut edir ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu tendensiya ardıcıl sürətdə davam etməkdədir. Ümummilli tərəqqini təmin edən bir faktor olaraq sosial siyasətin aktual tələbatlara və müasir reallıqlara müvafiq surətdə uğurla həyata keçirilməsi vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi, əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi kimi fundamental məqsədləri reallaşdırıb. Digər tərəfdən, sosial siyasətin əsas komponenti olan iqtisadi inkişafın təmin ediməsi bütövlükdə sosial-iqtisadi tərəqqinin sürətlənməsini şərtləndirən amil olub. Belə ki, valyuta ehtiyatlarının və investisiya qoyuluşunun daim artırılması, sahibkarlığın və özəl sektorun inkişafına əlverişli şəraitin yaradılması, sənaye istehsalına və qeyri-neft sektoruna xüsusi diqqətin göstərilməsi kimi amillər iqtisadi inkişafa xüsusi təkan verib. Məhz bunun qanunauyğun nəticəsidir ki, yüksək iqtisadi inkişaf digər sahələrin də paralel surətdə tərəqqisini təmin edib.

Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan strateji kurs daxili ictimai-siyasi sabitliyi və tərəqqini də ən yüksək səviyyədə təmin edib. Yerli və xarici analitiklərin yekdilliklə üzərində durduqları başlıca məsələlərdən biri də budur ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şəraitin yaradılması kimi göstəricilər və nəticələr deyilənləri bir daha təsdiq edir. Eyni zamanda, demokratik seçki ənənəsinin yeni keyfiyyətdə davam etdirilməsi, siyasi plüralizmin ən yüksək səviyyədə təmin olunması bütövlükdə ictimai-siyasi sabitliyi və inkişafı təmin edib. Bütün bunlar isə insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin genişlənməsinə, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına da xüsusi töhfələr verib. Bir sözlə, siyasi-hüquqi müstəvidə fundamental önəm kəsb edən strateji tədbirlərin görülməsi bu sahənin inkişafına xüsusi töhfələr verməklə yanaşı, ümummilli inkişafın sürətlənməsinə də əhəmiyyətli təkan olub.

Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətlə irəliləməkdədir. Belə ki, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Bütün gerçəkləşdirilən regional layihələrin mərkəzi oyunçusu qismində də məhz Azərbaycan çıxış edir. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, birbaşa olaraq heç bir subyektdən asılı olmadığını da təsdiq edir.

Ölkəmizin dayanıqlı inkişaf səviyyəsinin başlıca göstəricilərindən birini də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və praqmatik enerji siyasəti təşkil edir. Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvektorlu nəqletmə sisteminə üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini daha da gücləndirir.

Ötən illər ərzində əldə olunmuş makroiqtisadi göstəricilər və Azərbaycanın iqtisadi baxımdan dünya liderinə çevrilməsi düşünülmüş iqtisadi strategiyanın davam etdirilməsinin məntiqi nəticəsi sayıla bilər və dövlət başçısının iqtisadi islahatları uzunmüddətli, həmçinin, yeni inkişaf erasının tempinə uyğun aparmaq qətiyyətinin əyani təzahürüdür. Bu tendensiya, eyni zamanda, Prezident İlham Əliyevin böyük xarizmatik şəxsiyyət olmasını, siyasi peşəkarlığını, yüksək idarəetmə məharətini təsdiqləyir.

Prezident İlham Əliyev ən yeni tarixin qarşıya qoyduğu siyasi-sosial sifarişlərin yerinə yetirilməsi üçün kompleks tədbirlər proqramının müəllifi kimi siyasi-iqtisadi sabitliyin möhkəmlənməsinə baza yaradıb. Ölkədə hökm sürən sabitliyin möhkəmlənməsini inkişaf üçün başlıca şərt hesab edən dövlət başçısı bu meyarın qorunmasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qarşıya məqsəd qoyub. Prezident İlham Əliyev həmişə - həm birinci dəfə prezident olduğu müddətdə, həm də ikinci dəfə prezident seçildikdən sonra bu prinsipi tam yetkin formada möhkəmləndirərək Azərbaycanın regionda ən stabil dövlət olmasını sübut edib. Prezident İlham Əliyev ölkənin iqtisadi inkişafına yeni dinamizm elementləri, respublikamızın hərtərəfli sosial-iqtisadi tərəqqisinə nail olmaq üçün tamamilə yeni strategiyanı, makroiqtisadi konsepsiyanı reallaşdırmağa nail olub. Həmin iqtisadi hədəflər "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda öz əksini tapıb. Dövlət başçısı bu proqramı gerçəkləşdirməklə bölgələrin bərabər və tarazlı şəkildə inkişaf etməsinə impuls verib və bütün rayonlarda kompleks tədbirlərin həyata keçirilməsinə nail olub. Qeyd olunan sənədin uğurla icra olunması regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə və son nəticədə bütün rayonların simasının dəyişməsinə, bölgələr arasında iqtisadi tarazlığın bərpa olunmasına, rayonların sosial həyatında müşahidə olunan fərqin aradan qaldırılmasına, yeni iş yerlərinin yaradılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə, bütövlükdə isə bütün rayonların sosial həyatında ciddi dəyişikliklərə gətirib çıxarıb. Bu proqram regionların sosial-iqtisadi inkişafına yol açmaqla yanaşı, ümumilikdə, Azərbaycanın iqtisadi inkişafına təkan verərək makroiqtisadi sabitliyin möhkəmlənməsinə baza yaratmış olub.

Prezident İlham Əliyevin yüksək idarəetmə qabiliyyətinin və iqtisadiyyatda islahatların davamlılığını təmin etmək məharətinin ən bariz nümunəsini dünya iqtisadi böhranı zamanı həyata keçirilən mükəmməl iqtisadi konsepsiyanın uğurlu nəticələrinə diqqət yetirməklə görmək olar. Azərbaycan iqtisadiyyatı böhran meyillərinə demək olar ki, məruz qalmayıb.

Bu gün tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb.

Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, hər sahə üzrə proqramların mövcudluğu, həyata keçiriləcək layihələrin xalq tərəfindən dəstəklənməsi, birgə addımların atılması gələcəyə daha böyük inamla irəliləməyə stimul verir. Prezident İlham Əliyevin son illərdə hər bir vədini konkret əməli işi ilə təsdiqləməsi, həyata keçirdiyi siyasətin alternativsizliyi beynəlxalq qurumların, dünyanın tanınmış siyasətçilərinin, politoloqlarının, nüfuzlu araşdırmalar mərkəzlərinin açıqlamalarında xüsusi qeyd edilir, ən yüksək mükafatlara layiq görülür.


Əhməd Əhmədzadə,

Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ