Sizin reklam burada
Sizin reklam burada

Həmzə Həsənov: Azərbaycanın qazandığı uğurların kökündə hər sahə üzrə düşünülmüş proqramların olmasıdır

Həmzə Həsənov: Azərbaycanın qazandığı uğurların kökündə hər sahə üzrə düşünülmüş proqramların olmasıdır






Dünyada maliyyə və iqtisadi böhranın hökm sürdüyü indiki dövrdə Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Siyasi sabitlik və iqtisadi potensial Azərbaycan iqtisadiyyatını böhrana qarşı dayanıqlı edib, ölkəmizi ən yaxşı inkişaf perspektivlərinə malik dövlətlərdən birinə çevirib. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, "qara qızıl"dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkir. Bunun nəticəsidir ki, müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənib, qüdrətlənib, sosial-iqtisadi yüksəliş ilk növbədə insanların gündəlik həyatında özünü daha qabarıq biruzə verib. Ölkəmizin strateji valyuta ehtiyatları ilin əvvəlindən təxminən 5 milyard dollar artıb, hazırda 45 milyard dollar səviyyəsindədir. Bu, dünya miqyasında çox böyük rəqəmdir


Yeri gəlmişkən, iqtisadi inkişaf prosesində yeni keyfiyyət göstəriciləri əldə olunub, qeyri-neft sektorunun inkişafı yolu ilə respublikanın regionlarının tarazlı və davamlı inkişafı sürətləndirilib, əhalinin sosial rifahı daha da yaxşılaşdırılıb. Bu gün ölkə iqtisadiyyatının 83 faizi özəl sektorda formalaşıb. Bu da öz növbəsində Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam şəkildə bərqərar olunduğunun göstəricisidir.

Ölkəmizin davamlı iqtisadi inkişafında qəbul edilmiş dövlət proqramlarının uğurla həyata keçirilməsinin mühüm rolu olub. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na və "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na əsasən, ölkə iqtisadiyyatının şaxələndirilməsi və dünya iqtisadiyyatına səmərəli inteqrasiyası, bölgələrdə infrastruktur və kommunal xidmətlərlə təminat səviyyəsinin yaxşılaşdırılması, xalqın rifah halının daha da yüksəldilməsi, əhalinin etibarlı ərzaq təminatının təmin edilməsi məqsədlərinə nail olunması üçün makroiqtisadi sabitliyin qorunması, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ixracyönümlü məhsul istehsalının artırılması istiqamətində işlər uğurla davam etdirilir. Qeyd etmək lazımdır ki, bu ilin doqquz ayı ərzində ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur ki, həmin sərmayələrin əsas hissəsi - təqribən 70 faizə yaxını daxili investisiyalardır. Qalan hissə isə xarici investorların vəsaitidir. Möhtərəm Prezidentimizin fikrincə, bu balans da ən optimaldır: "Həm xarici investorlar üçün iqtisadiyyatımız cəlbedici iqtisadiyyatdır, eyni zamanda, daxili investisiyalar, ilk növbədə, onu göstərir ki, dövlətin investisiya siyasəti çox uğurludur. Çünki daxili investisiyaların böyük əksəriyyəti dövlət xətti ilə qoyulan vəsaitdir. Eyni zamanda, özəl sektor da bu investisiya layihələrində uğurla iştirak edir. Özəl sektorun - həm yerli, həm xarici biznes cəmiyyətinin Azərbaycan iqtisadiyyatına böyük inamı vardır. Əgər bu inam olmasaydı, əlbəttə, bu qədər investisiya qoyulmazdı".

"Biz çalışmalıyıq ki, sənayeləşmə prosesi daha da sürətlə getsin", - deyən dövlətimizin başçısının sözlərinə görə, burada yenə də fəaliyyətimizi iki istiqamət üzrə qururuq: "Əlbəttə, bizə irihəcmli, böyük potensiala malik olan sənaye müəssisələri çox lazımdır. Çünki bu, bizim qeyri-neft istehsalımızı artıracaq, böyük iş yerlərinin yaranmasına gətirib çıxaracaqdır. Bu barədə mən artıq bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda bir neçə sənaye mərkəzi yaranır. Ənənəvi olaraq bu mərkəzlərdə ixtisaslaşma getməlidir - Sumqayıt, Gəncə, Bakının Qaradağ rayonu. Üç əsas sənaye mərkəzi yaranmaqdadır. Əlbəttə, digər sahələrdə sənaye məsələləri ilə bağlı inkişaf proqramları vardır, amma əsas sənaye mərkəzləri bu yerlərdə olmalıdır. Yeni texnoparkların yaradılması prosesi gedir. Artıq ilkin gözəl nəticələr vardır, digər fikirlər vardır. Yeni texnoparklar yaradılacaqdır ki, orada böyük müəssisələrin fəaliyyəti nəticəsində kiçik və orta şirkətlərin fəaliyyəti də çox uğurlu ola bilər".

Azərbaycanın davamlı iqtisadi yüksəlişində regionların artan rolu göz qabağındadır. Bölgələrimizdə iqtisadi fəallıq nəzərəçarpacaq dərəcədə yüksəlib, onun infrastukturu təkmilləşdirilib, sosial siması müasirləşib. Regionlarda mövcud iqtisadi potensialdan səmərəli istifadə olunur, yol şəbəkələrinin bərpası və təkmilləşdirilməsi işləri uğurla reallaşdırılır. Azərbaycanda aparılan köklü islahatları, infrastruktur layihələrini, müasirləşməni ən ucqar kəndlərimizin timsalında, insanların yaşayış tərzindən tutmuş dünyaya baxışında, məişətində də aydın görmək olur. Həm abadlıq-quruculuq sahəsində, həm də sənayeləşmə, kənd təsərrüfatının, emal sənayesinin inkişafı istiqamətində ildən-ilə çox mühüm addımlar atılır. Güclü və cəmiyyətin maraqlarına xidmət edən sosial siyasət nəticələrini göstərir. Qeyri-neft sektorunun davamlı və dinamik inkişafı ölkədə işsizlik probleminin həllinə imkan verib. Ölkədə məşğulluq səviyyəsi 95 faiz təşkil edir. Təkcə cari ilin 9 ayında 94 min yeni iş yeri açılıb. Əhalinin real pul gəlirləri bu ilin 9 ayında 12 faiz artıb, 2008-ci ildən bəri isə 2 dəfə artım olub. Dünya Bankının məlumatında milli gəlirin ədalətli bölgüsünə görə Azərbaycan 110 inkişaf edən ölkəni geridə qoyur. Yəni, davamlı inkişafdan dar bir təbəqə yox, daha geniş əhali kütləsi yararlanır. Başqa sözlə, iqtisadi inkişafın "inklyuzivliyi" artır. Yenə də Dünya Bankının hesabatına görə, Azərbaycan dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluq həddinə malik 20 ölkədən biridir. Dövlətimizin başçısının sözlərinə görə, bizim bütün iqtisadi təşəbbüslərimiz və ümumiyyətlə, iqtisadi strategiyamız Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir. Biz bu istiqamətdə böyük nailiyyətlərə çatmışıq və bu göstəricilər görülən işlərin məntiqi nəticəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti ölkənin daha sürətlə inkişaf etməsinə, tərəqqisinə, müasirləşməsinə, ictimai həyatın yeniləşməsinə, demokratiyanın və vətəndaş cəmiyyətinin daha da möhkəmlənməsinə yönəlib.

Həmzə Həsənov,
2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi və fəxri dəmiryolçu.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ