Sizin reklam burada
Sizin reklam burada

Sabunçu Adil Vəliyevin dəyişən kadrları və dəyişməyən qaydaları ilə idarə olunur

Sabunçu Adil Vəliyevin dəyişən kadrları və dəyişməyən qaydaları ilə idarə olunur




Sabunçu Bakı şəhərinin inzibati ərazi bölgüsünə daxil ən böyük rayonlarından biridir. Rayonun qəsəbə və kəndlərindəki gündəlik problemlərin həlli istiqamətində atılan addımlar, görülən işlər sakinlərin heç də ürəyincə deyil. Bu barədə sosial şəbəkələrdə və elektron kütləvi informasiya vasitələrində kifayət qədər ciddi məlumatlara rast gəlmək olar. Üzümüzə gələn aprel ayında Sabunçu rayonuna rəhbərlik etməsinin artıq 10-cu ili tamam olacaq Adil Vəliyev isə səslənən şikayətlərdən, tutulan iradlardan nəticə çıxarmaq əvəzinə, yenə də öz fəaliyyətini istədiyi kimi davam etdirir.
Xatırlatmağa ehtiyac olmasa da yada bir daha salmaq istərdik ki, Adil Vəliyev Sabunçu rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə birbaşa biznesdən gəlib. Məlumatlara görə son illərdə o, biznesini bir xeyli genişləndirib də. Təbii ki, rayonun abadlaşdırılması və bir çox sosial layihələrə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına. Bu işlərdə ona köməkçi olanlar isə, rayonun xidmət idarələridir ki, başında Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsi durur.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara görə Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsi müxtəlif mal-materialların və xidmətlərin satınalması üzrə 2019-cu ildə 10 tender proseduru həyata keçirib. Onlardan 9-da qalib artıq tender tarixinin arxivlərinə qovuşmuş, gördüyü işlərdən daha çox kağızlar üzərində adı qalmış “İnpeks.N” MMC olub və idarə ilə ümumilikdə 1 472 839 manat məbləğində satınalma müqavilələri bağlanılıb.Burada İcra başçısı Adil Vəliyevin və rayon Kommunal Təsərrüfatı İdarəsinin keçmiş rəisinin qazancı qədər olub bəlli deyil.
Aktualinfo.org xatırladır ki, 2018-2019-cu illərdə “İnpeks.N” MMC ilə onlarla satınalma müqavilələri bağlayan təkcə Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsi olmayıb. Bakı şəhər İcra Hakimiyyətinə tabeli qurumların hamısının bir nəfər tərəfindən idarə olunan bu MMC vasitəsi ilə milyonlarla manat dövlət vəsaitlərini taladıqları barədə dövrü mətbuatda saysız-hesabsız məlumatlara rast gəlmək mümkündür. Sözügedən MMC-ilə qazandığı çoxsaylı tenderlər mətbuatın gündəminə gəldikdən sonra qanuni təmsilçisi kimi adı hallanan Ramazan Mirzəyev ayrı-ayrı şəxslərin adına bir neçə MMC yaradaraq yenidən tender bazarında liderlik edir.

Qeyd edək ki, hələ Hacıbala Abutalıbov Bakıya başçılıq edərkən Ramazan Mirzəyev şəhər İcra Hakimiyyətinin əsas tenderlərinin “qalibi” olurdu. Eldar Əzizov şəhər meriyasına rəhbər təyin edildikdən sonra “tender kralı”nın yeni başçısı işləyə bilməyəcəyi iddia olunsa da, artıq bu iddiaların əksi baş verir və R. Mirzəyev yeni başçı ilə anlaşa bilib.
Məlumata görə, son iki ildə Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi tenderlərin əksəriyyətinin qalibi məhz Ramazan Mirzəyevin adamlarına məxsus MMC-lərdir. Hansı ki, Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsi bu gün də həmin MMC-lərlə işbirliyindədir.
Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsi 2020-ci ildə cəmi 3 tender prosedurunun nəticələri barədə dövlət satınalmalarının rəsmi portalına məlumat yerləşdirib. Onlardan 2-nin qalibi “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti olub ki, ümumilikdə 572 260 manat məbləğində satınalma müqavilələri bağlanılıb. Sözügedən idarənin 2021-ci ildə keçirmiş olduğu tenderlərin nəticələri isə aşağıdakılardır.
Xüsusi geyimlərin və yumşaq inventarların satınalınması üzrə 149 104.8 manat məbləğində satınalma müqaviləsi “TİKİNTİ TƏCHİZAT BƏRPA” Qapalı Səhmdar Cəmiyyəti ilə 27.07.2021-ci ildə bağlanılmışdır.
Dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə 33 421.14 manat məbləğində satınalma müqaviləsi “ETNIK GƏLƏCƏK-2021” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 31.08.2021-ci ildə bağlanılmışdır.
Xüsusi geyimlərin və yumşaq inventarların satınalınması üzrə 145 022 manat məbləğində satınalma müqaviləsi “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” Qapalı Səhmdar Cəmiyyəti ilə 27.09.2021-ci ildə bağlanılmışdır.
Məhəllədaxili yollarda asfalt örtüyünün təmiri işlərinin satın alınması üzrə 307 076.39 manat məbləğində satınalma müqaviləsi “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə 26.10.2021-ci ildə bağlanılmışdır.
Ehtiyyat hissələrinin satınalınması üzrə 23 956.36 manat məbləğində satınalma müqaviləsi “STONE CONSTRUCTİON” Qapalı Səhmdar Cəmiyyəti ilə 05.11.2021-ci ildə bağlanılmışdır.
Müxtəlif məişət mallarının satınalınması üzrə 148 090 manat məbləğində satınalma müqaviləsi “ETNIK GƏLƏCƏK-2021” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 13.12.2021-ci ildə bağlanılmışdır.
Burada, dövlət satınalmalarının rəsmi portalına yerləşdirilmiş bu məlumatlarda hər şeyin heç də qeyd edildiyi kimi şəffaf olduğunu ilk baxışdan hər kəs ayırd edə bilməz. Əldə etdiyimiz məlumatlara görə, hazırda Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinə 2020-ci ildə rəhbərliyə gətirilmiş Anar Qalayev nəzarət edir. Bir az əvvəlki rəislərdən fərqli olaraq. Əvvəlki rəislərin dönəmində satınalmalar yolu ilə ayrılmış dövlət vəsaitlərinin böyük hissəsi talan edilib. Bunu Sabunçu rayonunun Bakıxanov, Qaraçuxur, Sabunçu, Zabrat, Maştağa, Ramana, Balaxanı, Kürdəxanı, Pirşağı kimi qəsəbələrinin məhəllədaxili bərbad yollarında, natəmiz küçələrində də görmək olar. Yəni faktiki olaraq ayrılan dövlət vəsaitlərinə heç bir işin görülmədiyi buradan da bəllidir. Anar Qalayevin bu vəzifəyə təyinatı nəyi dəyişib? Göründüyü kimi idarə əvvəllər işbirliyində olduğu MMC-lərlə fəaliyyətini davam etdirir.
Ölkə başçısı İlham Əliyevin İcra Hakimiyyətlərində dövlət vəsaitlərinin satınalmalar yolu ilə mənimsənildiyi barədə məlum çıxışından sonra Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tenderlərdə yol verilən nöqsanları Kommunal Təsərrüfatı İdarəsinin əvvəlki rəisinin boynuna qoyaraq işdən uzaqlaşdırdı. Yerinə isə özünə daha yaxın Anar Qalayevi təyin etdi. Qeyd edək ki, Anar Qalayev son üç ildə Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinə rəhbərliyə gətirilmiş üçüncü şəxsdir. Güya Anar Qalayev Adil Vəliyevin etimadını doğruldacaq, satınalmalarda şəffaflığı təmin edəcəkmiş kimi. Amma apardığımız araşdırmalar zamanı öyrəndiklərimiz onu göstərir ki, Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsində rəis dəyişsə də, köhnə qaydalar qalmaqdadır. Tenderlərdə qalib yenə də fərqli adları olan, amma bir nəfər tərəfindən idarə olunan əvvəlki şirkətlərdir.
İdarənin rayon ərazisində asfalt örtüyünün təmir işlərinin satınalınması, məhəllədaxili yollarda asfalt örtüyünün təmiri işləri, abadlaşdırma xidmətləri haqqının ödənilməsi, xüsusi geyımlərin alınması, mal-materialların alınması, mənzil fondunun təmiri və bir çox digər satınalmalara ayrılmış dövlət vəsitlərinə bir başa cavabdeh Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev deyil, məhz Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinin rəisi Anar Qalayevdir. Amma bütün bu yuxarıdan bəhs olunan məsələlər Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinin rəisi Anar Qalayevi məsuliyyətdən kənarlaşdırırmı? Bunu zaman göstərəcək.

Aktualinfo.org

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ