Sizin reklam burada
Sizin reklam burada

Rusiyanın və Ermənistanın saxta rəqəmlər səsləndirməsi bir işə yaramayacaq, çünki... - Qarabağı peykdən də izləyə bilirik...

Rusiyanın və Ermənistanın saxta rəqəmlər səsləndirməsi bir işə yaramayacaq, çünki... - Qarabağı peykdən də izləyə bilirik...





Ermənistan növbəti həyasız yalanlarına başlayıb. Dövlət rəsmiləri açıqlamalarında Xankəndində daha çox erməninin qaldığını sübut etməyə çalışırlar. Onların son iddialarına görə, guya Xankəndinə 73 min erməni qayıdıb. Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan açıqlama verib ki, 44 günlük müharibədə “artsax”dan olan köçkünlərin sayı 91 min nəfər olub və onlardan 80 faizi geri qayıdıb. Onun sözlərindən belə nəticə çıxır ki, 73 min erməni Qarabağa geri dönüb. Ruslar isə daha insaflı davranaraq, bu rəqəmin 52 min olduğunu bildiriblər. Gerçəkdə isə dəqiq rəqəmlərə görə, bu ərazilərdə 20-25 min erməni qalıb. Bəs görəsən, bu yalanlar və saxta statistika ilə İrəvan nəyə nail olmaq istəyir?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirdi ki, hazırda növbəti ilin dövlət büdcələrinin təsdiqi ilə bağlı bir qayda olaraq parlamentlərdə müzakirələr gedir: “Bu gün Azərbaycanda da, Ermənistanda da, bir sözlə, dünyanın hər yerində büdcə müzakirələri aparılır. Ermənistanın əmək və sosial nazirinin Qarabağda 70 mindən çox erməni əsilli şəxslərin yaşaması ilə bağlı açıqlamaları ilk növbədə dövlət büdcəsindən buraya ayrılacaq pulun həcmini artırmaq niyyəti güdür. Çünki reallıqda 25-30 min civarında ola biləcək erməni əhalisinin sayını, rusların 50-52 min, ermənilərin isə 70 mindən çox qeyd etməsi onu göstərir ki, bu rəqəmlər qeyri-dəqiqdir və Ermənistan hakimiyyətinin də missiyası dövlət büdcəsindən buraya ayrılacaq vəsaitin həcmini artırmaqdır. Əslində burada bir çox məqamlar ola bilər. 70 min əhaliyə sosial yardım adı altında dövlət büdcəsinin vəsaitinin mənimsənilməsi prosesi gedə bilər. Şişirdilmiş rəqəmlərlə və yaxud da 73 min erməni əsilli vətəndaş adı altında buraya əslində real olan 25 minə yardım göstərilib.

Qalanı isə onlara hansısa bir formada silah-sursat və s. ötürülməsinə xidmət edə bilər. Bütün hallarda qeyri-müəyyən və dəqiq olmayan rəqəmlər ətrafında maliyyə maxinasiyaları və şişirdilmiş statistik rəqəmlər qara niyyətlərdən xəbər verir. Bir də onların təbii ki, digər çirkin niyyətləri də ola bilər. Onlar beynəlxalq ictimaiyyəti aldatmaqla bu ərazidə yaşayan ermənilər üçün ”status" məsələsini qaldırmaq istəyə bilərlər. Təbii ki, bu, siyasi bir gediş ola bilər və heç şübhəsiz ki, bu məqam burada var. Çünki onlar bölgədəki hazırkı vəziyyətdə ATƏT-in Minsk Qrupunu çox böyük cəhdlə cəlb etmək niyyətindədirlər. Bilirsiniz ki, ATƏT-in Minsk Qrupunda Fransa, Amerika da təmsil olunur. Təbii ki, Amerikada erməni lobbisinin güclü olduğunu nəzərdə tutaraq müəyyən güclərə, siyasi dairələrə təsir etməklə gələcəkdə burada status məsələsini ATƏT-in Minsk Qrupu çərçivəsində qaldırmaq məsələsini güdürlər".

Ç.Qənizadənin sözlərinə görə, bu həm də maliyyə və siyasi maxinasiyalardan irəli gəlir: “Bütün hallarda hazırda o rəqəmin dəqiqləşdirilməsi qeyri-mümkündür. Düzdür, münaqişədən sonra gedən ermənilərin Rusiya sülhməramlılarının statusuna aid olmadığı şəkildə xüsusi avtobuslarla geriyə daşınması prosesini gördük. Bu da təbii ki, məqbul deyildi. Elə ilk gündən Rusiya sülhməramlıları öz missiyalarını ermənilərin xeyrinə istifadə etməyə başladılar. Bunun nəticəsində 5-10 min erməni geri qaytarıldı. Bu da hazırda orada 20-30 min civarında erməninin yaşaması ilə nəticələndi. Ermənilər könüllü şəkildə bölgəyə gəlmək istəmirlər. Nifrət saçan, birgə yaşayışı qəbul edə bilməyən, buna hazır olmayan ermənilər təbii ki, könüllü olaraq Qarabağdan çıxıb gediblər və getməkdə davam edirlər. Bu proses gedir və belə olan halda burada 70 mindən çox erməni olması da absurddur. Belə hesab edirəm ki, maliyyə və siyasi maxinasiyalar məqsədilə Ermənistan hakimiyyəti bu rəqəmi şişirdir”.

Hüquq müdafiəçisi vurğuladı ki, bu rəqəmin dəqiqləşdirilməsi o zaman reallaşacaq ki, böyük sülh sazişi imzalanacaq və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq: “O cümlədən Qarabağda olan ermənilər də Azərbaycan ərazisində yaşadıqlarını rəsmən tanıdıqdan sonra o şəxslərin qeydiyyatı aparılacaq. Bu qeydiyyatda lazım gəlsə, digər beynəlxalq təşkilatlar da iştirak edə bilər. Azərbaycanın Konstitusiyasını və qanunlarını, Azərbaycanın vətəndaşlığını qəbul edən ermənilər bu bölgədə yaşayacaqsa, dövlətimiz təbii ki, bu sayı dəqiqləşdirməlidir. Çünki gələcəkdə Azərbaycan dövlətinin büdcəsindən bu insanların da pensiya, iş və sosial təminatları üçün ayırmalar olacaq. Artıq onlar Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra dövlətimizin ərazisində yaşamaqla Azərbaycan dövlətinin imkanlarından, öz vətəndaşına bəxş etdiyi imtiyazlardan bəhrələnə biləcəklər”.

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Ermənistan və Rusiyanın məqsədi bəllidir: “Çünki Qarabağda real rəqəmləri səsləndirsələr, bu, əslində Rusiyaya zərbədir. Bu zaman rusiyalı sülhməramlıların oradakı varlığı sual altında qalır. Əgər cəmi 20 min adam varsa, onlar üçün bu qədər tikinti işləri aparmaq, təhlükəsizliyin təminatı məsələləri ilə məşğul olmaq və sair aktuallığını itirə bilər. Ona görə Rusiya də, Ermənistan da rəqəmi şişirtməyə meyillidir. Bununla deyəcəklər ki, Qarabağ problemi mövcuddur, guya bu problem hələ həll olunmayıb. Ona görə də Rusiya tərəfi 50 mindən çox deyir, Ermənistan bir az daha artırır. Amma artıq bizim sərhədi peykdən, o cümlədən Şuşadan izləmək imkanımız var. Bunu dövlət başçısı İlham Əliyev də vurğulayıb. İzləyə bilirik ki, Qarabağa nə qədər maşın girib, nə qədər çıxıb. Bunlar hamısı qeydiyyata alınır və real rəqəmləri bizlər də bilirik. Ona görə şişirtməklə onlar reallığa gizlədə bilməyəcəklər”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ