Sizin reklam burada
Sizin reklam burada

“Xankəndi məsələsi də xeyrimizə həll olunacaq” - GƏLİŞMƏ

“Xankəndi məsələsi də xeyrimizə həll olunacaq” - GƏLİŞMƏ




“Artıq XIX-XX əsrdəki Azərbaycan yoxdur. Həmin dövrlərdə Azərbaycanın zəifliyini fürsət bilib bundan məharətlə istifadə edən qüvvələr indi tamam fərqli Azərbaycanla üzləşirlər”.

Bunu Reyting.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri, siyasi ekspert Elman Vəliyev deyib.

Onun sözlərinə görə, Azərbaycana qarşı daim düşmənçilik, kin-küdurət bəsləyən, soyqırımı törədən, etnik münaqişələr yaradan Ermənistan indi özündən qat-qat güclü, dünyaya inteqrasiya etmiş, demokratiya yolunda irəliləyən, supergüclər tərəfindən tanınıb, hörmət edilən bir Azərbaycanı görür.

Elman Vəliyev xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etdikdən dərhal sonra Azərbaycana gəlib:

“Ərdoğan Qarabağ məsələsini də sammitdə müzakirə etdi. Yəni buralarda gözü olan bəzi dövlətlərə bölgənin sahibsiz olmadığı mesajını verdi. Ərdoğan işğaldan azad edilən tarixi Azərbaycan torpağı olan Şuşaya gedərək Azərbaycanın dövlət başçısı İlham Əliyevlə böyük əhəmiyyət kəsb edən Bəyannamə imzaladı. Bu Bəyannamə əlaqələri daha da artacaq. Şuşada Türkiyənin Baş konsulluğunun açılması isə düşmənlərə gözdağı olacaq. Adətən səfirlik paytaxtda, konsulluq isə əhəmiyyətli şəhərlərdə açılır. Konsulluğun Şuşada açılması onun böyük mahiyyət kəsb etdiyinin göstəricisidir”.

Şuşanın Azərbaycanın qərb hissəsində mərkəz rolunu oynadığını deyən E. Vəliyevin sözlərinə görə, bu şəhərin işğaldan azad edilməsi sanki düşmənin belini sındırıb:

“Digər mühüm məsələ isə Zəngəzur dəhlizi ilə bağlıdır. Ərdoğan dəhliz haqqında danışarkən onun prestijli bir yol olacağını dedi. Bu da dəhlizin bir neçə müddətdən sonra açılacağından xəbər verir”.

Ekspert qeyd edib ki, bu dəhlizlə Azərbaycan Türkiyə ilə asan əlaqə saxlaya biləcək:

“Eyni zamanda Ermənistan tərəfi də ağıllı davranıb, şərtləri qəbul edib, kompromisə getsə, düçar olduğu bu çətin vəziyyətdən çıxa bilər. Həmçinin, Ərdoğan da Ermənistan tərəfinə müraciət edərək buzların əridilməsinə işarə elədi. Ərdoğan “3+3” planı (Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya və Ermənistan) barədə də danışdı. Bu plan ilə bölgə dövlətləri birlikdə hərəkət edərək əlaqələri artırıb, böyük faydalar qazana bilərlər.

Əminəm ki, Ərdoğanın Şuşa səfəri bəzi qonşu dövlətləri, eyni zamanda xarici dövlətləri də rahatsız etdi. Güman ki, İran da Ərdoğanın bu səfərindən narahat olub. Və çalışacaq ki, ara-sıra gözdağı verən işlərə əl atsın. Amma bunların böyük əhəmiyyəti olmayacaq. Dəhliz açıldıqdan sonra Azərbaycanın İrandan asılılığı (yol cəhətdən asılılıq, yəni Azərbaycan Naxçıvana və Türkiyəyə İran vasitəsilə keçib gedə bilirdi) qalmayacaq.

Şuşa Bəyannaməsi təsadüfi xarakter daşımır. Bəyannamənin 15 İyun - Azərbaycanın Milli Qurtuluş Günündə, eyni zamanda Qars müqaviləsinin 100 illiyinə az qalmış bir zamanda imzalanması planlı şəkildə oldu. 100 il bundan əvvəl Ermənistan tərəfi Naxçıvana əsassız iddialar səsləndirirdi. Qars müqaviləsi ilə (1921 13 Oktyabr) bu iddialar puç oldu. Amma buna baxmayaraq dəfələrlə müqavilənin qüvvədən düşməsinə səy göstərdilər. Bu işdə isə havadarlarının da az rolu olmadı. Naxçıvana təkcə Ermənistan deyil, bir neçə dövlət göz dikmişdi. Hətta ABŞ Qarabağı, Zəngəzuru Azərbaycan ərazisi kimi tanımaq qarşısında Naxçıvanda Amerika qubernatorluğunun açılmasını təklif etmişdi. Bu isə göstərir ki, Naxçıvan mühüm strateji mövqeyə malikdir. Atatürkün Naxçıvanı “Türk qapısı", Kazım Paşa Qarabəkirin isə “Şərq qapısı" adlandırması təsadüfi deyil”.

E. Vəliyev vurğulayıb ki, Şuşa Bəyannaməsi ilə absurd xəyallara dalanların ümidləri bir daha puç olub:

“Bəyannamədə təhlükəsizlik məsələsi də mühüm yer aldı. Tərəflərdən biri xarici müdaxiləyə məruz qalarsa, yardımlar əsirgənməyəcək. İki tərəf arasında daha əvvəl də belə bir anlaşma var idi, amma indiki aşkar formada bir bəyannamədir və bu, düşmənlərə açıq mesajdır.

Şuşa səfərində Xankəndi məsələsindən də yan keçmədilər. Liderlər öz aralarında subliminal mesajlardan istifadə edərək Xankəndinə də eyham vurdular. Prezidentin “O iki dağın arasında Xankəndi yerləşir”,- deməsi və Ərdoğanın da otelin orda olduğunu soruşmasına cavab olaraq Prezidentin “orda da olacaq”,- söyləməsi Xankəndinin də aqibətinin lehimizə olacağına dəlalət edir”.

E. Vəliyev tərəflərin pilotsuz uçuş aparatının (PUA) istehsalı baradə də razılaşdıqlarına diqqət çəkib: “Azərbaycan artıq “Siha" emalına başlayacaq ki, bu da onun hərbi strukturuna böyük təsir göstərəcək, silah arsenalında əhəmiyyətli yerə malik olacaq.

Xatırladım ki, 44 günlük Vətən müharibəsində Ermənistan tərəfi ən çox bu aparatlardan qorxurdu.

Şuşa Bəyannaməsini “Əsrin müqaviləsi 2” adlandırmaq olar. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” geriləmə dövründə olan Azərbaycanı inkişafa apardı. Şuşa Bəyannaməsi isə Azərbaycanı daha da irəli aparacaq. Artıq ayaqları üstündə duran, lazımi yerdə öz sözünü deyən güclü bir Azərbaycan var”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ