Sizin reklam burada
Sizin reklam burada

Xəstəxanalarda transplantasiya üzrə koordinatora dair tələblər müəyyənləşib

Xəstəxanalarda transplantasiya üzrə koordinatora dair tələblər müəyyənləşib





Gələn il yanvarın 1-dən transplantasiyanı həyata keçirəcək tibb müəssisələrində fəaliyyətə başlayacaq transplantasiya üzrə koordinatora dair tələblər müəyyənləşib.

APA-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının bununla əlaqədar “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda müvafiq dəyişiklik edib.

Beləliklə, transplantasiya üzrə koordinator tibb müəssisəsinə müraciət etmiş resipiyent haqqında məlumatı donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazasına daxil edəcək. Uyğun donor tapıldıqda tibbi müayinə və müdaxilələrin həyata keçirilməsi üçün zəruri olan tədbirlər də daxil olmaqla, orqan donorluğu ilə bağlı digər təşkilati tədbirlərdə, eləcə də donor orqanların daşınmasının təşkilində iştirak edəcək. Koordinator transplantasiya məqsədi ilə meyit donorun orqanlarından istifadə edilməsi barədə donorun sağlığında razılıq verməsi, yaxud imtina etməsi barədə məlumatları vahid dövlət informasiya bazasından əldə edəcək. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun ilə müəyyən edilmiş qaydada canlı donordan məlumatlandırılmış razılıq alacaq və həmin məlumatları vahid dövlət informasiya bazasına daxil edəcək. Sağlığında donorluq barədə iradəsini ifadə etməmiş meyit donorun orqanlarının götürülməsi ilə bağlı onun “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunda müəyyən edilmiş qohumlarından razılıq alacaq və həmin məlumatları vahid dövlət informasiya bazasına daxil edəcək. Koordinator tibb müəssisəsində donorun olması barədə məlumatların vahid dövlət informasiya bazasına daxil edilməsini təmin edəcək, işlədiyi tibb müəssisəsi ilə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin işini əlaqələndirəcək. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunda nəzərdə tutulan tibb müəssisələri ilə də qarşılıqlı əlaqədə fəaliyyət göstərəcək.

Koordinator “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunu, ixtisaslaşdırılmış tibbi yardımın növləri, həcmi, keyfiyyət standartlarını və göstərilməsi qaydasını, həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısını, tibbi-sosial ekspertizanın əsaslarını, kompüterdən istifadə qaydalarını, öz hüquq, vəzifə və məsuliyyətini bilməlidir. Eyni zamanda tibbi sığortanın və əhalinin sanitar-profilaktika və dərman yardımı ilə təminatının əsaslarını, əmək qanunvericiliyinin əsaslarını, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını da bilməlidir.

Koordinator tibb ixtisası üzrə ali təhsil və ya tibb ixtisası üzrə orta ixtisas təhsilinə malik olmalıdır. Koordinatorun ödəniş dərəcələrinə ixtisas tələbləri də müəyyənləşib:

- 6-cı dərəcə: əmək stajına tələb qoyulmadan tibb ixtisası üzrə orta ixtisas təhsili;

- 7-ci dərəcə: tibb ixtisası üzrə orta ixtisas təhsili və transplantasiya üzrə koordinator vəzifəsində 1 ildən az olmayaraq əmək stajı;

- 8-ci dərəcə: tibb ixtisası üzrə orta ixtisas təhsili və transplantasiya üzrə koordinator vəzifəsində 3 ildən az olmayaraq əmək stajı; əmək stajına tələb qoyulmadan tibb ixtisası üzrə ali təhsil;

- 9-cu dərəcə: tibb ixtisası üzrə ali təhsil və 1 ildən az olmayaraq transplantasiya üzrə koordinator vəzifəsində əmək stajı;

- 10-ci dərəcə: tibb ixtisası üzrə ali təhsil və 3 ildən az olmayaraq transplantasiya üzrə koordinator vəzifəsində əmək stajı;

- 11-ci dərəcə: tibb ixtisası üzrə ali təhsil və 6 ildən az olmayaraq transplantasiya üzrə koordinator vəzifəsində əmək stajı;

- 12-ci dərəcə: tibb ixtisası üzrə ali təhsil və 9 ildən az olmayaraq transplantasiya üzrə koordinator vəzifəsində əmək stajı;

- 13-cü dərəcə: tibb ixtisası üzrə ali təhsil və 11 ildən az olmayaraq transplantasiya üzrə koordinator vəzifəsində əmək stajı.

Qeyd edək ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir. Qanuna əsasən, orqan donorluğu və transplantasiya sahəsində işlərin əlaqələndirilməsi və monitorinqin aparılması donor orqanın götürülməsini və transplantasiyanı həyata keçirən tibb müəssisələrinin transplantasiya üzrə koordinatoru tərəfindən həyata keçiriləcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ