Sizin reklam burada
Sizin reklam burada

İrəvanla Parisin birgə “atəş sövdələşməsi”

İrəvanla Parisin birgə “atəş sövdələşməsi”




Ermənistan silahlı qüvvələri Naxçıvanla sərhəddə hər gün atəşkəsi pozur. Eskalasiyanın məhz həmin sərhəd bölgədə baş verməsinin təbii ki, siyasi səbəbləri var. Çox güman ki, Ermənistan Rusiya qoşunlarının Zəngilan-Qubadlı və Kəlbəcər sərhədi boyunca yerləşdirilməsindən sonra indi də Naxçıvan istiqamətində yerləşdirilməsinə nail olmaq istəyir. Bununla da Azərbaycanın Şərqi və Qərbi Zəngəzura olan tarixi haqqının qarşısını Rusiyanın vasitəsilə almağa çalışır.

Yəni Paşinyan əvvəllki siyasi taktikasından istifadə edərək Rusiyanı və Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatını prosesə cəlb etmək istəyir. Ona görə də yaxın vaxtlarda rəsmi İrəvanın yenidən Rusiyaya və KTMT-yə müraciət edəcəyi istisna olunmur.

Lakin həm Rusiya, həm də KTMT indiyə qədər Paşinyan hökumətinin müraciətlərinə etinasız yanaşıb. KTMT-nin Baş katibi Stanislav Zas bu yaxınlarda verdiyi açıqlamada alyansın sərhəd mübahisəsinə müdaxilə etməsinə ehtiyac olmadığını bəyan etmişdi. Ona görə də Ermənistan dövlət sərhədində vəziyyəti gərginləşdirməklə xarici hərbi dəstək üçün əsas yaratmağa çalışır. Bu baxımdan, döyüşlərin getdiyi yerin də məqsədyönlü şəkildə seçildiyini görmək olar.

Atəş Sədərək rayonunun işğal altında olan Kərki kəndinə gedən yol və yüksəkliklər istiqamətində açılır. Yəni Azərbaycan Kərki kəndinin qaytarılmasını tələb etdiyindən, bu ərazi potensial münaqişə mənbəyidir. Bu isə Ermənistana hücuma keçən tərəfin Azərbaycan olduğuna dair rəy yaratması imkanı verir. Ermənistan Rusiya qoşunlarını Naxçıvan sərhədinə yerləşdirməklə Kərki kəndinin qaytarılmaması üçün Azərbaycanın qarşısına əlavə güc çıxartmaq istəyir. Ancaq Paşinyan Rusiyanın və KTMT-nin hərbi əməliyyatlara qoşulmayacağını yaxşı bilir.

“Taliban” terror təşkilatından müdafiə olunmaq üçün Tacikistanın müraciətinə “yox” cavabı verən Rusiyanın və KTMT-nin Ermənistana münasibətdə həmrəylik nümayiş etdirəcəyi inandırıcı görünmür. Tacikistanın kömək təklifindən imtina edən dövlətlərdən biri də məhz Ermənistan olmuşdu. Buradan Rusiyanın əldə edə biləcəyi yeganə siyasi divident Naxçıvanla sərhəddə yeni hərbi baza yerləşdirmək ola bilər.

Ancaq həm Ermənistan, həm də Kreml Naxçıvanın müdafiəsinin 1921-ci il Qars müqaviləsi ilə təmin olduğunun fərqindədir. Belə ki, Naxçıvana müdaxilə və sərhəd pozuntusu Türkiyənin Qars müqaviləsinə əsasən adekvat cavab tədbirinə əl atmasına səbəb ola bilər. Şuşa Bəyannaməsi Qars müqaviləsinə dayanaraq, onun davamı kimi qəbul edilib. Ona görə də Rusiya Şuşa Bəyannaməsinə etiraz olaraq Ermənistanın vasitəsilə Naxçıvan istiqamətində təxribatlara əl ata bilər. Ancaq Rusiyanın Türkiyə ilə hərbi qarşıdurmada maraqlı olacağı inandırıcı görünmür.

Əks təqdirdə, Türkiyə ordusu Azərbaycan dövlət sərhədlərinin müdafiəsi üçün qarşılıqlı hərbi yardım haqqında sazişə əməl etmək qərarı verə bilər. Əslində, Naxçıvan istiqamətində genişmiqyaslı hərbi əməliyyatların başlanması Zəngəzur dəhlizinin açılması ehtimalını sıfıra endirir. Bu da Rusiyanın bölgədəki maraqlarına ziddir. Çünki 2020-ci il noyabrın 10-da qəbul edilmiş üçtərəfli Bəyanatın 9-cu bəndinə uyğun olaraq, Naxçıvanla Azərbaycanın qərb hissəsini briləşdirən nəqliyyat-kommunikasiya yollarının təhlükəsizliyini Rusiya Federal Təhlükəsizlik Xidməti təmin etməlidir. Müharibə başlayacağı təqdirdə, bu maddə qüvvədən düşmüş sayılır.

İkincisi, Rusiya Zəngəzurdan keçməklə Naxçıvan vasitəsilə Türkiyə, Ermənistan və İrana həm quru, həm də dəmir yolu ilə çıxış imkanı verən Şimal-Cənub Nəqliyyat Dəhlizindən məhrum ola bilər. Ona görə də Paşinyanın Naxçıvan təxribatının Rusiyanın yalançı müttəfiq olduğunu Ermənistan ictimaiyyətinə göstərməyə hesablandığı da istisna edilmir. Əslində, Paşinyanın indiyə qədər Rusiyaya və KTMT-yə bütün müraciətləri müttəfiqlərin Ermənistana dəstək vermədiyini sübut etmək məqsədi daşıyıb.

Bununla da Paşinyan ermənilərə Fransanın timsalında daha etibarlı müttəfiq təqdim edə bilər. Son günlər Fransa qoşunlarının Ermənistan-Azərbaycan sərhədinə yerləşdiriləcəyinə dair gizli diplomatik danışıqların aparılması barədə yayılan məlumatlar da bu ehtimalı gücləndirir. Yəni Paşinyan Rusiyanın hərbi yardım göstərməyəcəyi təqdirdə, NATO üzvü olan Fransanın hərbi kontingentini Ermənistanın Azərbaycanla sərhədinə cəlb edəcəyi ilə şantaj edir. Bu, həm də yekun sülh sazişinə hazırlıq prosesində Rusiyanın vasitəsilə Azərbaycana təzyiqləri artırmaq və daha çox güzəştlər əldə etmək məqsədi daşıyır.
Cebhe.info

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ