Sizin reklam burada
Sizin reklam burada

Makronun Ermənistana səfəri gərginliyi artıracaq - NƏ ETMƏLİ?

Makronun Ermənistana səfəri gərginliyi artıracaq - NƏ ETMƏLİ?




Fransa Prezidenti Emmanuel Makron yaxın günlərdə Ermənistana səfər edəcək. Bu barədə Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Fransanın İrəvandakı səfiri Conatan Lakottla görüşdə bildirib. Paşinyan deyib ki, bu səfər Ermənistan-Fransa əlaqələrinin inkişafına və möhkəmlənməsinə öz töhfəsini verəcək.


Fransalı diplomat Makronun Ermənistana səfərinin təşkili üçün fəal iş aparıldığını və bunun əməkdaşlığın inkişafında vacib bir təkan olacağını vurğulayıb. Onun sözlərinə görə, Fransa Ermənistanla enerji, yüksək texnologiyalar, sənaye, təhsil kimi sahələrdə əməkdaşlıqda maraqlıdır. Əlbəttə, bunlar rəsmi məlumatlardır və əksəriyyəti də həqiqəti əks etdirmir. Çünki Fransa rəhbəri Ermənistana başqa məqsədlərlə gəlir. İlk növbədə qeyd etmək lazımdır ki, Makronun Ermənistana gözlənilən səfəri Avropada, xüsusilə də Fransada yaşayan erməni lobbisinin təsiri nəticəsində reallaşacaq. Rəsmi Parisin Qarabağda yerləşən terrorçu qruplaşmaları, qondarma rejim təmsilçilərini gücləndirmək, onların silahlandırılmasını təmin etmək niyyətində olması bəllidir. Həm də erməni xalqının inamını itirmiş Paşinyana siyasəti dəstək ifadə etmək məqsədi güdülür. Digər yandan Azərbaycan-Türkiyə modelinə alternativ Fransa-Ermənistan “modeli”nin ərsəyə gəldiyini nümayiş etdirmək istəyirlər. Fransa yaxşı başa düşür ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəfsizlik imkanlarını tamamilə itirib. Bundan sonra istəsə də Azərbaycan-Ermənistan arasındakı münasibətlərdə hər hansı şəkildə rol ala bilməz. Makron erməni diasporuna, Paşinyan isə Fransa hökumətinə ümid edir. Makronla Paşinyanı birləşdirən ümumi “dəyərlər” də var. Hər iki şəxs daim populist vədlərlə yadda qalıblar. Heç biri öz xalqına verdiyi sözü tuta bilməyib.

Gözlənilən səfərlə bağlı “Şərq”ə fikirlərini bölüşən siyasi şərhçi Elçin Xalidbəyli deyib ki, 44 günlük savaşın nəticələri Cənubi Qafqazda geopolitik şərtləri tamamilə dəyişib. Politoloq vurğulayıb ki, yeni geopolitik vəziyyət ATƏT-in üç həmsədrindən ikisini - ABŞ və Fransanı Cənubi Qafqazda oyundan kənar vəziyyətə salıb: “İndi ABŞ və Fransa Cənubi Qafqaza “regional hasar”ın arxasından boylanmaq məcburiyyətində qalıblar. Ona görə də bu iki dövlət əvvəlki geopolitik şərtləri bərpa etmək üçün üçtərəfli anlaşmalara zidd mövqedən çıxış edirlər. Ermənistanı pozuculuq fəaliyyətinə və üçtərəfli anlaşmaların icrasından yayınmağa cəsarətləndirməyə cəhd göstərirlər. Xüsusilə də, Fransa və onun Prezidenti Emmanuel Makron bu məsələdə fəallıq göstərirlər. Cənubi Qafqazda gərginliyin artmasında katalizator rolunu oynamağa çalışırlar. Fransa prezidentinin bu məsələdə iki önəmli marağı var. Birincisi, özəl maraqlardır. Makron özünü ermənipərəst göstərməklə, növbəti seçkilərdə ermənilərin səslərini qorumağa çalışır. Digər tərəfdən isə Cənubi Qafqaza nüfuz etmək imkanlarını tamamilə itirmiş Fransanın bu regiona yolunu açmağa cəhd edir”.

E.Xalidbəyli vurğulayıb ki, Fransa Cənubi Qafqaza yalnız Minsk qrupu həmsədrlərinin fəaliyyəti bərpa ediləcəyi təqdirdə geri dönə bilər:

“Bu isə yalnız üçtərəfli anlaşmaların icrasının pozulacağı, yeni münaqişənin başlayacağı təqdirdə, mümkün görünür. Ona görə də həm ABŞ, həm də Fransa Ermənistan üzərindən bu məqsədə çatmağa çalışırlar. Böyük ehtimalla Makronun səfərindən sonra Paşinyan hakimiyyəti üçtərəfli anlaşmaların icrasından daha həvəslə imtina etməyə çalışacaq. Erməni baş nazirin avantürist və xəyanətə meyilli xarakteri Fransanın işini asanlaşdıra bilər. Nikol Paşinyan Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşsə də, o, hər an öz mövqeyini dəyişməyə hazır olan siyasi avantüristdir. Kremldə də bu önəmli reallığı bilirlər və Paşinyana qətiyyən güvənmirlər. Təbii ki, məhz bu faktor Ermənistanı yeni taleyüklü fəlakətə sürükləyə bilər. Çünki Kreml Rusiyanın Cənubi Qafqazdakı maraqlarının Makron-Paşinyan çütlüyünün siyasi hoqqabazlığının girovuna çevrilməsinə imkan verməz. Üçtərəfli anlaşmaların icrası Rusiyanın təminatı altındadır. Həmin anlaşmaların pozulması Rusiyanın beynəlxalq imicinə ciddi zərbə vura bilər. Bu baxımdan Paşinyan növbəti dəfə uduzacağı şübhə doğurmayan “siyasi qumara” cəhd edir. Ötən ilin yayında da Fransanın səhnəarxası dəstəyi ilə Paşinyan “hərbi-siyasi qumara” həvəs göstərmişdi. Nəticədə Azərbaycanın qəzəbi ilə üzləşdi. Azərbaycan ordusu işğal altında olan əraziləri azad etdi. Savaş dövründə Rusiya Ermənistanı üstüörtülü şəkildə cəzalandırdı. Yəni Ermənistan ilə hərbi müttəfiq olsa da, savaşa müdaxilə etmədi. Ermənistanı Azərbaycanın hərbi qüdrəti qarşısında təkbaşına, dəstəksiz buraxdı. Nəticəsi artıq məlumdur”.

Analitik qeyd edib ki, Paşinyan hakimiyyəti ötən ilin hadisələrindən dərs çıxartmayıb:

“Yenə də Fransaya və onun Prezidenti E.Makronun vədlərinə uyub, avantürist təxribatlara cəhd göstərir. Ancaq bu dəfə nəticələri Ermənistan üçün daha ağır ola bilər. Hər halda bu dəfə hərbi əməliyyatlar başlayacağı təqdirdə, Ermənistanın bir dövlət kimi Cənubi Qafqazın geopolitik xəritəsindən silinə biləcəyi qətiyyən istisna deyil. Rusiyanı qeyri-rəsmi şəkildə Fransaya dəyişən Ermənistana Kreml bu dəfə tamamilə arxa çevirə bilər. Ona görə də Makronun İrəvana səfəri əslində nə Ermənistana, nə də elə Fransanın özünə hər hansı ciddi fayda vəd edir. Əgər Baş nazir Nikol Paşinyan Makronun boş vədlərinə uyub, yenidən “qırmızı cizgiləri” keçərsə, bu, Ermənistanı fəlakətə sürükləyəcək. Çünki növbəti hərbi gərginlik daha dağıdıcı savaşa yol aça bilər. Bu halda isə artıq həm Fransanın Cənubi Qafqaza yolu birdəfəlik bağlanacaq, həm də Ermənistan adlı uydurma dövlətin mövcudluğu şübhə altına düşəcək. Fransa Prezidenti Makronun yalnız Azərbaycanı deyil, Rusiyanı da qıcıqlandıran İrəvan səfəri Ermənistana yalnız fəlakət gətirə bilər”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ