Sizin reklam burada
Sizin reklam burada

"O təmiz havada nəfəs almaq istəyirik"

"O təmiz havada nəfəs almaq istəyirik"





“Mən Şuşada doğulmuşam, orada böyüyüb, boya-başa çatmışam, məktəbdə oxumuşam. Sadəcə olaraq iş elə gətirdi ki, Şuşa işğal olundu, məcburi köçkün düşdük, Bakıya yerləşdik. Şuşanı xatırlamaq nədir ki? Mən heç Şuşanı xatirəmdən çıxara bilməmişəm, ömür-boyu xatirəmdə olub. Böyüdüyümüz məhəllə, qaldığımız yer, uşağlığım. Bu xatirələr həqiqətən də hər zaman yaddaşımdadır. Şuşa atalı-analı günlərimizin bizə yadigarıdır. Bakıda bir hadisəni yuxuda görürəmsə, Şuşadakı evimizə “gedib çıxıram”. Şuşadan necə çıxdığımız, o çətin illər bir an da olsun məni tərk etmir”

Bunu Moderator.az-a açıqlamasında aktrisa Nərgiz Mütəllimova deyib. Sənətçi daha sonra əlavə edib.

“İnşallah biz də bütün Şuşalılar kimi ora qayıtmağı səbrsizliklə gözləyirik. Mən də, bacım Firəngiz də o möhtəşəm qayıdış gününün tez gəlməsini istəyirik. Ən böyük arzularımızdan biri də torpaqlarımızın işğaldan azad edilməsi idi. Şuşanın azad edilməsini elə-belə qarşılaya bilməzdik. Çox sevindik, həyəcanlandıq, ağladıq. O təmiz havada nəfəs almaq istəyirik. Bizə nə vaxt desələr ki, getmək olar, bütün Şuşalılarla bərabər biz də gedəcəyik. Həm də bildiyiniz kimi Şuşaya getməyə rəsmi icazə də yoxdur, orada yenidənqurma işləri aparılır. Gözəl Şuşa bir az da abadlaşır, gözəlləşir. Biz Şuşanı necə qoyub çıxmışıqsa elə də gedib görmək istəyirik. İlk fürsətdə inşallah gedəcəyik. Biz Şuşaya gedib qayıtmaq istəmirik, birdəfəlik getmək istəyirik. Bilirik ki, getsək qayıda bilməyəcəyik. Möhtəşəm qələbə sevincini, bizə, bütün azərbaycanlılara yaşatdığı üçün cənab prezidentimizə, şanlı ordumuza, qazilərimizə və bir də şəhidlərimizə borcluyuq. Allah şəhidlərimizin ruhunu şad etsin, qazilərimizə tezliklə şəfa versin” deyə sənətçi bildirib.

Nərgiz Mütəllimova pandemiyaya görə heç bir çəkiliş təklifini qəbul etmədiyini bildirib.

“Hal-hazırda pandemiya dövrüdür, yaxınlarım da bilir ki, mən pandemiyanı çox ağır keçirirəm. Spirtim əlimdə, maskam ağzımdadır. Bəzən maskamı çıxarıb, şəkil çəkdirib, tez yenidən maskamı taxıram. Ona görə də heç bir serial və filmdə çəkilmirəm. Amma seriallardan təkliflər gəlir, hətta televiziya verilişlərinə də qonaq qismində çağırılıram, pandemiyaya görə heç bir yerə çıxa bilmirəm. Çalışıram ki, evdə olum. Oynadığım obrazları heç vaxt seçmirəm, mən sadəcə oynadığım rola xarakter verirəm. İnşallah pandemiya bitsin, bir yeniliyim olacaq. Onu da ilk elə sizin sayta deyəcəm” deyə Nərgiz Mütəllimova deyib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ