Sizin reklam burada
Sizin reklam burada

 "Sputnik Armeniya"ya "Sputnik Azərbaycan" niyə cavab vermir? - İTTİHAM


  "Sputnik Armeniya"ya "Sputnik Azərbaycan" niyə cavab vermir? - İTTİHAM



Rusiya öz ampluasındadır. Navalnı həbsxanadan yazdığı məktubda deyir: ”Bizim ölkəmiz qaranlığa sürüklənir”. Amma, Rusiya zatən qaranlıqdadır və əsrlərdir ki, ətrafına da zülmət saçmaq siyasəti aparır. Bu qaranlığın yetişdirdiyi bütün təbəqələrdən olan insanlar da öz kalibirində bu siyasətin quzğunları rolundadırlar. Bu quzğunlar qeyri-rəsmi statusda olmaqlarına baxmayın, onlar rəsmilərin danışan dilləridirlər. Azərbaycanı hədəfə alan quzğunlardan biri də MDB ölkələri üzrə Qafqaz institunun şöbə müdiri Vladimir Yevseyevdir. Zatulin, Solovyov, Skobayeva və bu qəbildən olan Azərbaycan düşmənlərindən, ermənilərin dostlarından biri. Dostlarının ağır məğlubiyyəti bu ekspertə o qədər pis təsir edib ki, artıq hadisələrə sakit şərh verə bilməkdən uzaq düşüb, təhdid dolu münasibətlər sərgiləməyə başlayıb. Bu quzğun, “Sputnik Armeniya”ya verdiyi müsahibədə məhz Azərbaycanı hədələyib və Qarabağda Rusiya bayrağının həmişə dalğalanacağından danışıb.

Yevseyev müsahibəsində deyir: "Azərbaycan hakimiyyəti parlaq xəyallarda yaşamağı buraxıb Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə göndərdiyi mesajı diqqətlə dinləməlidir. Burada açıq şəkildə bildirilir ki, kimsə Rusiyanın milli maraqlarını təhdid edərsə, bundan çox peşman olacaqdır. Dağlıq Qarabağdakı erməni əhalisinin mövcudluğu Rusiyanın maraqlarına tamamilə uyğundur"

Hər cümlə hədədir. Bizi peşman olacağımızla təhdid edirlər. Biz qələbəmizə sevinməməliyik, çünki bu Rusiyanı əsəbləşdirir. Biz bunu onsuz da bilirik. Öz torpaqlarımızda- Dağlıq Qarabağda bizi yox, erməniləri istəyir Rusiya, çünki bu, Rusiyanın milli maraqlarına aiddir. Ona görə də “İsgəndər”i erməniyə verib Şuşaya atdırdılar, ya da atdılar. Rəsmi sorğumuza da bu günə kimi cavab verməyiblər. Hər şey ortadadır.

İki gün əvvəl Xankəndi istiqamətində guya baş verən atışmadan hansısa evin damının zərər görməsini şərh edən Yevseyev məsələyə ekspert kimi yanaşıb yüngül çaplı silahdan atılan bu güllələrin Şuşadan atılmasının mümkün olmadığını deməkdənsə, bütün etik və diplomatik münasibətləri aşaraq Azərbaycan rəhbərliyini hədəfə alır: “Allah etməmiş, əgər bircə Rusiya sülhməramlısı yaralansa, Azərbaycan prezidenti İlham Əliyev 2008-ci ilin avqust təcrübəsini yada salmalı olacaq”. Bu həyasız Rusiya eksperti 2008-ci il avqustu deyəndə Gürcüstana qarşı Rusiyanın hərbi təcavüzünü, Tbilisinin 40 kilometrliyinədək gələn Rusiya tanklarını nəzərdə tutur. Yəni, bu Rusiya sözçüsü demək istəyir ki, Bakıya gələ bilərik. Necə deyərlər, hədənin biri, bir rus rublu dəyərində. Bayden bunlara “killer” də deməyib, nə desin? Ümumiyyətlə, ABŞ-ın son vaxtlar Rusiyanı çox bəlalarda suçlaması, şimal ölkəsini çox qızdırıb, həm də isterik vəziyyətə salıb. Bunların rəsmilərinin də, yevseyevlərinin də istənilən açıqlamasında, bu aydın görünür. Əlləri, gücləri Amerikaya, Baydenə çatmayanda yaxına hücum çəkirlər. O yaxınlardan ən yaxını da biz oluruq- Azərbaycan olur.

Yevseyevin keçmiş insidentlərin də hesabının açıq qaldığına da işarə vurub bizdən hesab sorulacağını xatırladır, daha doğrusu yenə də hədələyir:”.. bu cür insidentlər nəticəsində ən azı bir rus hərbçisi yaralanarsa və ya üstəlik ölərsə, Moskva sərt cavab verəcəkdir, həm də 9 noyabr 2020-ci ildə Azərbaycan tərəfindən vurulan rus helikopterinin heyətinin ölümü məsələsi hələ də açıq qalıb”.

Hər dəfə bu helikopter hadisəsi Rusiya tərəfindən vurğulananda, bu işin Rusiyanın təxribatı olduğuna bir daha şübhə yeri qalmır.

Bizi qarşıda hələ çox təxribatlar gözləyir. Bu təxribat uzaqda yox, elə Qarabağda olacaq. Hətta, olmuş belə. Erməniləri bütün cəhdləri ilə geri-Xankəndinə yığıb qaytarmaq elə təxribatdır, sadəcə adını Rusiyanın marağı qoyub, quzğun Yevseyev. Görünür, bizim qaçqınların da geri dönmə məsələsinin gündəmdən tamam çıxarılması, elə bu maraqla bağlıdır. Erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmaması.., bu maraqla bağlıdır. Bəs, bizim marağımız?

Biz Qarabağdakı marağımızı həm tələsmədən, həm də gecikmədən real olaraq, konkret şəkildə bir-bir ortaya qoymalıyıq, həyata keçirməliyik. Sabah bu qarışıq dünyada daha nələr qarışacağını.., Allah bilir. Əlbəttə, Rusiya yenə qıcıqlanacaq, necə ki, “İsgəndər”lə bağlı sorğumuz qıcıqlandırıb, amma maraqlarımız naminə nə zəruridirsə onu etməliyik. Necə? Bunu səlahiyyətlilər daha yaxşı bilirlər.

P.S. "Sputnik Armeniya"ya "Sputnik Azərbaycan" niyə cavab vermir?

İlham İsmayıl //moderator.az//

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ