Sizin reklam burada
Sizin reklam burada

Regional Təhsil İdarəsinin müdiri işdən çıxarıldı

Regional Təhsil İdarəsinin müdiri işdən çıxarıldı



Elm və Təhsil Nazirliyi ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tabe qurumlarda növbəti dövri yoxlama tədbirləri çərçivəsində Dağlıq Şirvan Regional Təhsil İdarəsində (RTİ) yoxlamalar aparıb.
Yoxlamalar yerli bölmələr tərəfindən təhsilin dövlət standartlarına uyğun təşkilinə nəzarətin həyata keçirilməsi, direktor və direktor müavinlərinin işə qəbulu prosesinin mövcud qaydalara uyğun təşkili, kadrların təyinatı və yerləşdirilməsi, eyni zamanda qayda və təlimatların icra vəziyyətinin yoxlanılması məqsədilə həyata keçirilib.

Aparılan yoxlamalar zamanı sözügedən idarənin fəaliyyətində müsabiqə qaydaları və şərtlərinin, təlimati sənədlərin tələblərinin ciddi şəkildə pozulması halları aşkarlanıb. Bununla yanaşı, RTİ-nin tabeliyində fəaliyyət göstərən müəssisələrə nəzarətin təşkilində nöqsanlar aşkar edilib.

Araşdırmanın nəticəsinə əsasən, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev elm və təhsil nazirinin müvafiq əmri ilə iyulun 1-dən tutduğu vəzifədən azad edilib.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir vəzifəsinin icrası müvəqqəti olaraq idarənin müdir müavini Həmid Qasımova həvalə edilib. Agentlik tərəfindən yerli bölmə və tabe müəssisələrin fəaliyyətinə nəzarətin təşkili məqsədilə aparılan yoxlamalar il ərzində davam etdiriləcək.

  • Sosial şəbəkədə paylaş