Sizin reklam burada
Sizin reklam burada

Şəhidimizin xanımından Gədəbəyin icra başçısına İTTİHAM... - "Bizə bir qarış torpağı da qıymadı"

Şəhidimizin xanımından Gədəbəyin icra başçısına İTTİHAM... - "Bizə bir qarış torpağı da qıymadı"





Vətən müharibəsində şəhid olan qəhrəman hərbçilərimizdən biri də Baş çavuş Həsənov Tofiq Etibar oğludur. Moderator.az saytı olaraq şəhidlərimizlə bağlı silsilə yazılarımıza davam edirik. Bu gün əməkdaşımız şəhidimiz Tofiq Həsənovun ailəsi ilə görüşmək üçün Digahdakı evlərinə yollanıb.

Beləliklə, şəhid Tofiq Həsənovla bağlı yazını təqdim edirik:

Tofiq Etibar oğlu Həsənov 1989-cu il noyabrın 21-də Gədəbəyin Cəfərli kəndində anadan olub. Ailədə iki bacı və iki qardaş olublar. Tofiqin qardaşı da hərbçidi. Tofiq orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul olub. Lakin ailəsinin maddi imkanı olmadığı üçün o, təhsil ala bilməyib. O, əsgəri xidmətinə yollanıb. Xidmətini başa vurduqdan sonra 2010-cu ildən Daxili Qoşunların sıralarında xidmət edib. Vətən müharibəsindən üç ay öncə isə Xüsusi Təyinatlı Bölüyə keçib. Vətən müharibəsində şəhid olan hərbçimiz doğulduğu kənddə dəfn edilib.

Şəhidimizin ailəsinin yaşadığı küçənin girişində onun şəklini vurublar və altına da “Şəhid Tofiq Həsənovun yaşadığı küçə” sözlərini yazıblar. Elə ona görə ünvanı tapmaq çətin olmur. Daha sonra şəhidin ailəsinin qapısını döyürük. Bizi Tofiqin həyat yoldaşı, övladları və qohumları qarşılayır. Həyətdə bir maşın dayanıb, soruşmağa tərəddüd etsəm də, Tofiqin olduğuna hardasa əmin oluram. Maşın Tofiqindi?-soruşanda yaxınlar təəssüflər bəli deyirlər. Qayınanası Əntiqə xanım kövrəlir: “Tofiqin maşınıdı, onu da yadigar saxlamışıq”.

Şəhidimizin həyat yoldaşı Ülviyyə xanım Tofiqin 14 il ordu sıralarında xidmət etdiyini deyir:

“Tofiq 14 il idi ki, orduda xidmət edirdi. Çox çətinliklər çəkib. Elə arzusu təhsil almaq idi, ona görə ali məktəbə qəbul olub, amma ailəsinin maddi imkanı olmayıb onu oxutsun. Tofiq təbiət elmlərini çox sevirdi. Özüm bağça müəlliməsiyəm elə yaxınlarının vasitəsilə tanış olub, 2013-cü ildə ailə qurduq. Tofiq son bir neçə ili Zaqatalada xidmət edirdi və biz də orda yaşayırdıq. Amma Vətən müharibəsi başlamazdan üç ay öncə Xüsusi Təyinatlı Qüvvələrə keçib. Bunu biz bilmirdik”.

Ülviyyə xanım deyir ki, Tofiq sonuncu dəfə sentyabrın 25-də evə gələrək onlarla görüşüb:

“Sentyabrın 25-də evə gəlib uşaqlarla görüşdü. Daha sonra hərbi hissəyə qayıtdış Dedi ki, “mən özüm sizinlə əlaqə saxlayacam, narahat olmayın”. Biz hələ də müharibə olacağını bilmirdik. Elə oldu ki, döyüşlər başladı və biz Tofiqdən nigaran olmağa başladıq. Sentyabrın 30-da isə Tofiqin şəhid xəbəri gəldi. Biz dərhal Gədəbəyə yola düşdük. Kəndə çatanda gördüm ki, artıq onun tabutunu gətiriblər. Gecəni saxladıq və səhəri gün doğulduğu kənddə böyük izdihamla dəfn edildi”.

Şəhidimizin həyat yoldaşı indi həyat yoldaşından yadigar qalan iki övladını böyütməyə çalışdığını deyib:

“Tofiqdən sonra ancaq məqsədim övladlarımı onun adına layiq böyütməkdi. Qızım Melisanın 6 yaşı var, həkim olmaq istəyir. Oğlum Tunarın isə hələ dörd yaşı var, çox şeyi başa düşmür”.

Ülviyyə xanım bizimlə söhbəti zamanı Gədəbəy İcra Hakimiyyətinin onlara qarşı laqeyd münasibətindən də gileyləndi:

“Küçənin girişində Tofiqin fotosunu özüm düzəltdirib ora vurmuşam. Bu şəkili küçənin girişinə vurmaq üçün həm Mehdiabad, həm də Digah bələdiyyəsinə müraciət etdim, amma heç kim köməklik etmədi. Gədəbəy İcra Hakimiyyəti isə Tofiqə qarşı çox biganə oldu. Tofiq Cəfərli kəndinin tək şəhididi, amma ümumilikdə Gədəbəy Vətən müharibəsində 44 nəfər şəhid verib. Dedim ki, Tofiqin adına kəndlərində bir Şəhidlər bulağı tikək, amma buna icazə vermədilər. Daha sonra istədim ki, rayonun Şəhidlər Xiyabanına Tofiqin şəkili vurulsun, amma bunu da edən olmadı. Biz burda qayınımın evində yaşayırıq, evimiz yoxdu. İcra Hakimiyyətinə müraciət etdim ki, Cəfərli kəndində bizə həyatyanı torpaq ayırın oğlum böyüyəndə orda özünə ev tiksin. Bunu da etmədilər. İndi bizə bir qarış torpaq verməyi qıymayan Gədəbəy İcra Hakimiyyəti bilmir ki, bu qədər oğullar torpaq uğrunda şəhid oldular?!!”

Şəhidimizin qaynanası Əntiqə xanım Tofiqin ən sevimli kürəkəni olduğunu deyir:

“Üç kürəkənim var, amma onlardan ən sevimlisi Tofiq idi. Çox ailəcanlı, tərbiyyəli insan idi. Bizim doğum günümüz eyni gündü. Həmişə doğum günümüzü kürəkənimlə birlikdə keçirirdim. İndi onun yoxluğu mənə o qədər təsir edir ki, hər gün ağlayıram. (Ağlayır) Allah cəmi şəhidlərimizə rəhmət eləsin!”.

Qeyd edək ki, Tofiq Həsənov Xidmət etdiyi dövrdə “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib. Şəhid olandan sonra isə ölkə başçısı tərəfindən “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Şəhidimizin xanımından Gədəbəyin icra başçısına İTTİHAM... - "Bizə bir qarış torpağı da qıymadı"
Şəhidimizin xanımından Gədəbəyin icra başçısına İTTİHAM... - "Bizə bir qarış torpağı da qıymadı"
Şəhidimizin xanımından Gədəbəyin icra başçısına İTTİHAM... - "Bizə bir qarış torpağı da qıymadı"
Şəhidimizin xanımından Gədəbəyin icra başçısına İTTİHAM... - "Bizə bir qarış torpağı da qıymadı"


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ