Xəbər lentİ


Rusiyanın kəşfiyyat şefindən ABŞ-a qarşı şok Qarabağ ittihamı - Bakıdan reaksiya

08:39, 20.11.20
46
siyaset
Rusiyanın kəşfiyyat şefindən ABŞ-a qarşı şok Qarabağ ittihamı - Bakıdan reaksiya




Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ABŞ-a qarşı şok Qarabağ ittiham irəli sürüb. Sergey Narışkin deyib ki, ABŞ və müttəfiqləri Ermənistandakı millətçiləri qəsdən təhrik edir ki, tərəflərin Dağlıq Qarabağla bağlı 9 noyabr razılaşmasını pozsunlar. Narışkin iddia edib ki, Vaşinqton hazırda erməni və Azərbaycan xalqları arasında nifaq salmağa çalışır: “Onlar erməniləri Dağlıq Qarabağdakı sülhün İrəvan üçün məğlubiyyət olduğuna inandırmağa çalışırlar. ”Sona qədər müharibə" zəruriliyi fikrini ortaya atırlar, azərbaycanlılara isə deyilir ki, Azərbaycan Ordusu Xankəndini götürməyə bir addım qalanda Kreml onların “qələbəsini oğurlayıb”.

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Sergey Narışkin müharibənin gedişində Azərbaycan tərəfindən guya Suriya və digər bölgələrdən gəlmiş muzdluların vuruşması barədə həqiqətə uyğun olmayan iddialar irəli sürmüşdü. Hazırda deyilənlərdə həqiqət payının hansı dərəcədə olması da dəqiqləşdirməyə ehtiyacı olan məsələdir: “Lakin onu da unutmamalıyıq ki, regionda ABŞ da daxil olmaqla, bir sıra ölkələrin siyasi və iqtisadi maraqları olmamış deyil və bu mənada müxtəlif fikirlərin səsləndirilməsi və hətta hər hansı addımların atılması da istisna deyil. 44 günlük 2-ci Qarabağ savaşı günlərində bu məsələlər daha qabarıq göründü. Ən azından dost və düşmənlərimizi bir daha tanıdıq.

Şübhəsiz ki, ən əsası Azərbaycanın dövlət və milli maraqlarının ən yüksək səviyyədə qorunmasıdır. Bu səbəbdən də Azərbaycan xarici və daxili siyasətini regionda marağı olan güclərin mövqelərini diqqətə almaqla qurmalı və bütün tərəflərin istəklərini öz maraqları baxımından uzlaşdırmalıdır. ABŞ-ın Rusiyanın Qarabağ məsələsində tam olaraq önə çıxması və təşəbbüsü ələ almasından xoş hal olmadığı şübhəsizdir. Ona görə də istisna deyil ki, Paşinyan iqtidarına hansısa təsirlər göstərməyə və prosesi öz istəklərinə uyğun istiqamətə yönəltməyə çalışa bilərlər”.

AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli isə bildirdi ki, nə Rusiya, nə Amerika, nə də Avropa Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsinin və Qarabağ məsələsinin birdəfəlik həll olunmasının marağında deyil. Ona görə də hər vəchlə Qarabağda süni şəkildə erməni mövcudluğunun qorunub saxlanılmasının marağındadırlar. ABŞ isə Qarabağ məsələsində kənarda qaldığı üçün müdaxilələr edir və müdaxilələrinin yanvar ayından sonra daha da artacağı gözlənilir: “Narışkinin də məlum açıqlamasına bu açıdan baxmaq lazımdır. Rusiyanın iştirakı ilə imzalanan sülh bəyanəməsinin pozulması Amerikanın maraqlarına cavab verir. Bunu Moskva bilir. Müharibənin yenidən olacağı halda bu, Rusiyanın sülh təşəbbüsünün iflasa uğrayacağı deməkdir. Ona görə də Rusiya, Kreml Amerikanın bölgədə istədiyinə nail olmaması üçün Qarabağ məsələsinin tezliklə tam, birdəfəlik ədalətli həllinə çalışıb buna nail olmalıdır. Əks halda, bir müddət sonra Rusiya mövqelərini itirə bilər, ABŞ həmin mövqelərdə güclənər".

Qafqaz Araşdırmalar Mərkəzinin sədri, politoloq Araz Aslanlı isə bildirdi ki, Qərb, əsasən də ABŞ Rusiya və Türkiyənin Qarabağ məsələsində fəallaşmasından və yaxınlaşmasından narahatdır. Regionun iki böyük dövlətinin birgə əməkdaşlıq şəraitində olması Qərbin marağında deyil. Ona görə də Qarabağ münaqişəsinin yenidən alovlanmasını istəyə bilərlər: “ABŞ-ın yanaşması əvvəllər də belə olub. Həmişə Rusiya və Türkiyənin fəallaşmasından, yaxınlaşmasından narahat olublar. Rusiyadan verilən məlum açıqlamanı əsaslı sayıram. Qərb ölkələrinin Ermənistan hakimiyyətinə təsir etmək istədikləri şübhə doğurmur. İndiyə qədər ABŞ və digər həmsədr ölkələr münaqişənin qalması üçün çalışıblar, nəinki həlli üçün. Bu gün də bunu açıq nümayiş etdirirlər. Xüsusulə Fransa və ABŞ. ABŞ-a və digər bölgədə marağı olan Qərb ölkələrinə lazım olan müharibə yox, münaqişənin həllsizliyidir. Eyni zamanda Amerika və bir sıra Qərb ölkələri Rusiya ilə Türkiyənin münasibətlərini gərginləşdirmək istəyirlər. Onlar hesab edirlər ki, Qarabağ münaqişəsinin aktiv davam eləməsi Rusiya ilə Türkiyənin münasibətlərinin gərginləşməsi demək olar, hətta bu iki dövlət arasında qarşıdurma yaranar. Ona görə də ABŞ və digər güclər bunu arzulaya bilərlər”.
“Yeni Müsavat”

Fikirlər

 Oxşar xəbərlər: