Sizin reklam burada
Sizin reklam burada

Naxçıvanın Baş naziri ilk qərarını imzaladı

Naxçıvanın Baş naziri ilk qərarını imzaladı



Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasında pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nı təsdiq edib.
Qanunpress.com xəbər verir ki, bununla bağlı qərarı Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədov imzalayıb.
Bu Qayda Naxçıvan Muxtar Respublikasında pedaqoji fəaliyyətlə məşğul olma qaydasını müəyyən edir. Bu Qaydanın tələbləri Naxçıvan Muxtar Respublikasının bütün ümumi təhsil müəssisələrinə şamil edilir.
Qərarla pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslər müəyyənləşib. Müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər. Bu Qaydanın 3.2-ci və 3.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislərin də pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır.
Qanunvericiliyə uyğunolaraq, aşağıdakı şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər:
- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslər;
- ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;
- fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
- Naxçıvan MuxtarRespublikası Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 24 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər.
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin təsdiq etdiyi “Müəllimlərin etik davranış qaydaları”nı pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.
Qərarla pedaqoji fəaliyyətlə məşğul olmaq üçün ixtisas tələbləri də müəyyənləşib. Bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində göstərilən şəxslər pedaqoji fəaliyyətlə əmək qanunvericiliyinə uyğun olaraq, təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası ilə müəyyən edilmiş ixtisas tələblərinə əsasən məşğul ola bilərlər. Pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin yalnız bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş ümumtəhsil fənlərinin tədrisi üzrə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır.
Bu Qaydanın 3.2-ci bəndində göstərilən halda pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı Naxçıvan MuxtarRespublikasının Təhsil Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən təşkil olunan müvafiq ödənişsiz təlim kurslarına cəlb olunurlar. Təlim kurslarının keçirilməsi vaxtı, yeri, davametmə müddəti və digər şərtləri Nazirlik tərəfindən müəyyən edilir və bu barədə Nazirliyin rəsmi internet səhifəsində məlumat yerləşdirilir. Təlim kurslarını başa vurmuş şəxslərə forması Nazirlik tərəfindən müəyyən edilən sertifikat verilir.
Muxtar respublikanın ucqar kəndlərindəyerləşən dövlət ümumi təhsil müəssisələrində kadr çatışmazlığı olduqda, məzmun və mahiyyət etibarilə uyğun fənlərin (kimya-biologiya, biologiya-kimya, fizika-riyaziyyat, riyaziyyat-fizika, riyaziyyat-informatika, informatika-riyaziyyat, tarix-coğrafiya, coğrafiya-tarix) müvafiq fənn müəllimi tərəfindən tədrisinə Nazirliyi məlumatlandırmaqla, təhsil müəssisələri tərəfindən yol verilir.
Pedaqoji fəaliyyətlə məşğul olmaq hüquqi olan şəxslərin dövlət ümumi təhsil müəssisələrinə qəbulu Nazirlik ilə birlikdə Komissiya tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən aparılır.
Qeyd edək ki, Səbuhi Məmmədovun mayın 23-də Naxçıvan MR-nin Baş naziri vəzifəsinə təyin edilib. Bu qərar onun Naxçıvan MR-nin Baş naziri kimi imzaladığı ilk qərarıdır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ