Azərbaycan Prezidenti: "Ən sevindirici göstərici qeyri-neft sənayesindədir"

10:23, 01.08.19
168
iqtisadiyyat
Azərbaycan Prezidenti: "Ən sevindirici göstərici qeyri-neft sənayesindədir"



"İlin əvvəlində qarşımıza qoyduğumuz vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir".

Qanunpress.com-un "Report"a istinadla xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.
"İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, “SOCAR-Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır", - dövlət başçısı bildirib.

Fikirlər

 Oxşar xəbərlər: