Sizin reklam burada
Sizin reklam burada

Dizelin bahalaşması kənd təsərrüfatına nə vəd edir? - ARAŞDIRMA

Dizelin bahalaşması kənd təsərrüfatına nə vəd edir? - ARAŞDIRMA



“Azərbaycanda kənd təsərrüfatı sahəsi prioritet elan edilib, dövlət hər il büdcədən bu sahəyə subsidiyalar şəklində yardım edir. Prezidentin də bu sahənin inkişafı ilə bağlı xüsusi təşəbbüsləri, çağırışları olub. Tarif Şurasının qərarı ilə dizel yanacağın qiymətinin birdən-birə 33 faiz qaldırılması isə aqrar sahənin subsidiyalaşdırılması ilə daban-dabana ziddidir”.

İqtisadçı ekspert Rövşən Ağayev Tarif Şurasının benzinin və dizel yanacağının qiymətinin artırılması barədə qərarını şərh edərkən belə deyib. O, “Press Klub”a açıqlamasında qeyd edib ki, dizelin bahalaşması kənd təsərrüfatı məhsullarının istehsalı xərclərini əhəmiyyətli dərəcədə qaldıracaq. Hətta fermerlərin aldığı güzəştli kreditlər bu xərcləri ödəmək qabiliyyətini aşağı salacaq.

Ağayev bildirib ki, aqrar sahə yanacaq istehlakının həcminə görə nəqliyyat sektorundan sonra ikinci yerdədir. Belə ki, Azərbaycanda dizel yanacağının 70 faizə qədəri nəqliyyat, 30 faizi aqrar sektorda istifadə edilir. Bu isə o deməkdir ki, dizelin 33 faiz bahalaşması kənd təsərrüfatına daha çox təsir edəcək:

“Kənd təsrrüfatında istifadə olunan texnika əsasən dizel yanacağı ilə işləyir və Tarif Şurası benzinlə müqayisədə bu yanacaq növünü daha çox bahalaşdırıb. Ona görə də dizelin qiymətinin 33 faiz qaldırılması dövlətin subsidiya yardımları hesabına ayaqda saxlanılan kənd təsərrüfatı üçün çox böyük riskdir”.

Ekspert yanacağın bahalaşmasının kənd təsərrüfatına təsiri ilə bağlı daha bir vacib məqamı qeyd edir. Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, daşınma xərcləri də dizel yanacağının qiymətindən çox asılıdır. Belə ki, kənd təsərrüfatı məhsullarını bazara daşıyan nəqliyyat vasitələrinin çoxu dizel yanacağı ilə işləyir. Bu baxımdan dizel yanacağının 33 faiz səviyyəsində artırılması kənd təsərrüfatı məhsullarının iki istiqamətdə bahalaşmasına gətirib çıxaracaq – həm istehsal, həm də nəqletmə xərcləri baxımından.

“Nəzərə alsaq ki, əhalinin qida istehlakı birbaşa kənd təsərrüfatı ilə bağlıdır, onda qida inflyasiyası həmişə avtomatik olaraq iqtisadiyyatda ümumi qiymət artımını sürətləndirən ən vacib amillərdən biri olur. Ümumiyyətlə, əgər enerji daşıyıcılarının qiyməti artırsa, bu, zəncirvari olaraq bütün məhsullara təsir edərək inflyasiya yaradır. Qida istehsalına birbaşa bağlı olan dizel yanacağının bahalaşması isə birbaşa həm də kənd təsərrüfatı məhsullarını bahalaşdırır”, – deyə R. Ağayev söylədi.

Kasıb təbəqənin istehlak xərcləri artacaq

Başqa bir vacib məqam odur ki, Azərbaycan kimi zəif inkişaf etmiş ölkələr iki cəhətinə görə qida sektoru baxımından həssas olur. Bunlardan birincisi əhalinin daha çox hissəsinin gəlir və məşğulluq baxımından aqrar sektora bağlı olması (rəsmi statistikaya görə, Azərbaycanda məşğul əhalinin təxminən 40 faizi kənd təsərrüfatı sektorunda çalışır), ikincisi isə kasıb insanların faiz nisbətinin əhalinin ümumi sayında yüksək olmasıdır. Əhalinin kasıb təbəqəsinin istehlak xərclərinin çoxunu yalnız qida məhsullarına sərf etdiyini nəzərə alsaq, kənd təsərrüfatı məhsullarının bahalaşması həm də ölkədə yoxsulluğun artmasına gətirib çıxarır.

Ağayev də təsdiqləyir ki, dizel yanacağının qiymətinin birdən-birə 33 faiz artırılması kənd təsərrüfatı və qida sektorunda zəncirvari bahalaşmaya səbəb olur: “İnkişaf etmiş ölkələrdə də bazarın öhdəsinə buraxılan qiymətlərdə artma-azalma halları olur. Ancaq həmin ölkələrdə qiymət dəyişiklikləri bazar prinsiplərinə uyğun şəkildə baş verdiyindən əhali bunu ağrısız yaşayır. Azərbaycan kimi kasıb ölkələrdə isə qiymətlərin artıb-azalması həmişə çox ağrılı qarşılanır. Çünki əhalinin ümumi sayında həssas təbəqə üstünlük təşkil edir və qiymət artımı onların həyatını daha da pisləşdirir”.

Ekspert bildirir ki, dizelin bahalaşmasının heyvandarlığa birbaşa təsiri böyük deyil. Çünki bu sahədə yanacaq xərclərinin ümumi xərclərdəki payı çox azdır. Əkinçilikdə isə yanacaq xərcləri böyük çəkiyə malikdir. Belə ki, 1 hektar taxılın becərilməsi üçün orta hesabla 50 litr dizel yanacağı sərf olunur: “Bir hektar sahədə üzümün becərilməsi üçün sərf olununan yanacağın həcmi daha çoxdur – 1 hektarda 110-120 litr. Çünki il ərzində üzüm sahələrində bir neçə dəfə şumlanma və gübrələnmə aparılır ki, bunlar da yanacaq sərfiyyatını artırır”.

İlk baxışdan kiçik görünən bahalaşmanın böyük fəsadları

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər də dizelin bahalaşmasının aqrar sekrorda ciddi problemlər yaradacağını düşünürlər. Bərdə rayonunda taxılçılıqla məşğul olan Sabir Vəliyev Tarif Şurasının bu qərarının mənfi təsirlərini konkret məhsul üzrə hesablayıb. O qeyd edir ki, dizel yanacağının 33 faiz bahalaşması ilə aqrar sektorun xərcləri becərilən məhsulun növündən asılı olaraq, fərqli şəkildə artacaq. Məsələn, 1 hektar taxılın becərilməsi üçün 50 litr yanacaq sərf olunursa və indi dizel 20 qəpik bahalaşıbsa, bu, hər hektarda yanacaq xərcinin 10 manat artması deməkdir. Üzüm sahələrinin becərilməsi üçün isə xərc artımı hər hektar üzrə 25 manat təşkil edir.

Vəliyev bildirir ki, bahalaşmanın əkinçiliyə təsirinin bu cür hesablanması ilk baxışdan kiçik fərq kimi görünə bilər. Onun sözlərinə görə, dizelin bahalaşması təkcə hər hektar əkin sahəsinə sərf olunan yanacağın deyil, həm də əkində istifadə olunan texniki vasitələrin və işçi qüvvəsinin də xərclərini artırır:

“Çünki qiymət artımı bütün sahələrə, o cümlədən istehsal vasitələrinə, kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinə, amortizasiya xərclərinə təsir edir. Buna görə də texniki vasitələrlə fermerlərə xidmət göstərən şəxslər hər hektar üçün 33 faiz artırır. Yəni, həm ehtiyat xərcləri, həm də özlərinin dolanışıq xərcləri artır – bu, reallıqdır. Kənd təsərrüfatına belə yanaşmaq lazımdır ki, yanacaq hansı nisbətdə artırsa, texniki xidmət vasitələri, hətta fermerlər üçün yanacaq xərcindən heç də az əhəmiyyət daşımayan toxumun da qiymətləri eyni nisbətlə bahalaşır. Xərclərin hesablanması bu cür olmalıdır”.

Bərdəli fermer hesab edir ki, dizelin bahalaşması məhsulun daşınma xərclərini də əhəmiyyətli şəkildə artırır. Onun fikrincə, bahalaşmaya qədər bir ton məhsulu 100 manata bazara daşımaq mümkün idisə, bundan sonra həmin xərc ən azı 120-130 manat təşkil edəcək. Bu isə məhsulun maya dəyərini bir az da yüksəldir.

İqtisadçı ekspert R. Ağayev də fermerlərin narahatlıqlarını haqlı sayır. Onun heasblamalarına görə, son qiymət artımı aqrar sektor üçün 1 il ərzində əlavə 70 milyon manata yaxın izafi xərc yaradacaq. Benzin və dizelin bahalaşmasının nəqliyyat sektoru üçün əlavə xərcləri isə 300 milyon manat civarında olacaq. //pressklub.az//

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ