Xəbər lentİ


Döyülən sürücü ilə bağlı polisə müraciət edilib

13:42, 19.09.17
278
hadise
Döyülən sürücü ilə bağlı polisə müraciət edilib


Bakı Nəqliyyat Agentliyi bazar ertəsi axşamı döyülən sürücü ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Sosial şəbəkələrdə yayılan videoda marşrutun sürücüsü arxa qapıdan avtobusa daxil olan sərnişinə etiraz etdiyi eşidilir. Bir müddət sonra başqa bir sərnişin ön qapıdan gələrək sürücünün üz nahiyyəsinə zərbələr endirir. Digər sərnişinlər müdaxilə edərək onu uzaqlaşdırır.
Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev BBC Azərbaycancaya bildirib ki, hadisə sentyabrın 18-i saat 17:30-da 135 saylı avtobusda baş verib.
O deyib ki, 135 saylı avtobusda vahid kart sistemi tətbiq edildiyi üçün, bir qayda olaraq sərnişinlər avtobusa ön qapıdan daxil olmalı, arxa qapıdan tərk etməlidirlər.
"Bir qadın arxa qapıdan daxil olduğu üçün sürücü etiraz edib, daha sonra hazırda kimliyi araşdırılan başqa sərnişin ön qapıdan minərək gözlənilmədən sürücüyə hücum edib", o əlavə edib.
Cənab Ağayevin sözlərinə görə, sürücü 1 saylı Kiliniki Tibbi Mərkəzə aparılıb, onun qaşına tikiş qoyulub və digər lazımi tibbi yardım göstərilir.
Daxili İşlər Nazirliyi BBC Azərbaycancaya hadisə barədə məlumatlı olduqlarını və ətraflı məlumatın veriləcəyini deyib.
Mais Ağayev deyir ki, Agentlik sürücülərə qarşı edilən belə halların mövcudluğundan "ciddi şəkildə narahatdır".
Son vaxtlarda sürücülərin sərnişinlər tərəfindən hədə qorxuuya və ya fiziki hücuma məruz qalmasilə bağlı videolar tez-tez sosial şəbəkələrdə paylaşılır.
O, bu il nə qədər sürücünün sərnişin tərəfindən hücuma məruz olduğunun statistikasının aparılmadığını desə də, belə halların "çox tez-tez baş verdiyini" qeyd edir.
Cənab Ağayev görüntülərin əsasən vahid kart sistemi ilə işləyən avtobuslarda qeydə alınmasının səbəbini həmin marşrutlarda video izləmə sisteminin tətbiq olunması ilə izah edir.
Bu səbəbdən o, digər sərnişindaşıma ilə məşğul olan şirkətlərin vahid kart sisteminə keçməsinin tərəfdarı oldunu deyir (BBC).

Fikirlər

 Oxşar xəbərlər: