Sizin reklam burada
Sizin reklam burada

Məmurlar niyə övladlarını dövlət vəzifələrinə yerləşdirirlər? - İLGİNC

Məmurlar niyə övladlarını dövlət vəzifələrinə yerləşdirirlər? - İLGİNC



İcra başçıları və digər yüksək vəzifəli məmurların həbsi onların övladlarının sosial statusunu da gündəmə gətirdi. Məlum oldu ki, hüquq-mühafizə orqanları və məhkəmə sistemində çalışanların, qərar verənlərin bir çoxu məmur övladlarıdır.

Məsələn, Ağstafanın (ondan əvvəl Goranboy rayonunun) keçmiş icra başçısı Nizaməddin Quliyev həbs olunanda ortaya çıxdı ki, onun iki oğlundan biri – Ramil Quliyev Bakının Nərimanov rayon Məhkəməsinin hakimi, digər oğlu – Ramal Quliyev isə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müstəntiqidir. N.Quliyevin həbsindən bir müddət sonra idarənin rəisi Kamran Əliyev (hazırda baş prokuror) keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarına cavab olaraq bildirdi ki, Ramal Quliyev öz ərizəsi ilə vəzifəsindən uzaqlaşdırılıb.

Hazırda həbsdə olan sabiq icra başçılarından uzun illər İmişliyə rəhbərlik etmiş Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev də o vaxta qədər Korrupsiyaya qarşı Mübarizə İdarəsində işləyirdi. O, bu qurumda Təşkilati və informasiya təminatı idarəsinin prokuroru idi. Atasının həbsindən az sonra vəzifəsindən azad edilib, sərəncama göndərilmişdi. Bu ilin yanvarında isə M.Hacıyev Qubadlı Rayon Prokurorluğuna müstəntiq təyin edilib.

Milyonlarla manat dövlət vəsaitinin yeyintisi ittihamıyla həbs olunan “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradovun oğlu Cavid Muradov Bakının Səbail Rayon Polis İdarəsinin rəisidir. Atasının həbsindən sonra onun vəzifədən getməklə bağlı ərizə yazması haqda məlumat yayılsa da, Daxili İşlər Nazirliyi informasiyanın həqiqətə uyğun olmadığını bəyan etdi. Cavid Muradov hazırda da həmin vəzifədə çalışır.

Bənzər hadisələr məhkəmə sistemində də yaşanır. Verdikləri qərarlar, çıxardıqları hökmlərlə zaman-zaman ictimai qınaq obyekti olmuş bir sıra hakimlər var ki, onların yaşla əlaqədar bu sistemdən uzaqlaşmasından sonra övladları eyni vəzifəni daşıyırlar. Məsələn, bir sıra ictimai-siyasi fəalların həbsinə dair hökm və qərarlara imza atmış Mirpaşa Hüseynovun oğlu Elməddin Hüseynov hazırda Nəsimi rayon Məhkəməsinin hakimidir. Uzun illər Ali Məhkəmənin hakimi olmuş Bağır Əsədovun oğlu Kamran Əsədov isə Qaradağ rayon Məhkəməsində atasının yolunu davam etdirir.

Bu siyahını uzatmaq da olar. Heç kim üçün sirr deyil ki, tayfa-klan sistemi, nepotizm indiyədək Azərbaycanın əsas problemlərindən biri olub.

Siyasi təhlilçilər məmur övladlarının hüquq-mühafizə orqanları, məhkəmə sistemindəki vəzifələrə məqsədli şəkildə yerləşdirildiyini düşünür.

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, məmurlar övladlarının gələcəkdə “yaxşı gəlir”lə təmin olunması üçün bu addımı atırlar. Çünki hüquq-mühafizə və məhkəmə orqanlarında qeyri-rəsmi böyük qazanclar olur:

“Hüquq-mühafizə orqanları və məhkəmələr ən çox korrupsiyalaşmış orqanlar sırasındadır. Qanunun aliliyinə cavabdeh olmalı bu qurumların özləri ən çox qanunu pozanlardır. Onlar qanunun yox, öz maraqlarının keşiyində dururlar. Bizdə prokuror, hakim, polis rəisi işləməyə həm də böyük pullar qazanmaq imkanı kimi baxırlar. Məmurlar da öz övladlarına yaxşı gəlir mənbəyi yaratmaq məqsədilə onları bu sistemə yerləşdirirlər. Ölkədəki siyasi sistemin mahiyyəti budur. Ölkədə nə ədalətli seçki var, nə xalqın qarşısında məsuliyyət var. Başqa necə olmalıdır?! Qanunsuz pul qazanmağa o məmurlar norma kimi baxırlar”.

Hakim vəzifəsinə təyin olunmaq, yaxud prokurorluq orqanlarında çalışmaq üçün müxtəlif mərhələli imtahanlardan keçmək tələb olunur. M.Əliyevin fikrincə, bu tələb məmur övladlarına aid edilmir. Onların vəzifəyə təyin olunmasında tapşırıq, tanışlıq, rüşvət kimi yollar keçərli olur:

“Bu yollardan istifadə edib, niyyətlərini reallaşdırırlar. Korrupsioner, cəmiyyətin nəzarəti olmayan sistemlərdə belə hallar çox olur. Təəssüf ki, həm də norma kimi qəbul edilir”.

Atalar cəzalanandan sonra övladların vəzifədə qalıb-qalmamasına gəlincə, M.Əliyev hesab edir ki, bu, valideynin siyasi hakimiyyət qarşısındakı “günah”ının nə dərəcədə böyük olmasından asılıdır:

“Bu, cəzalandırılan məmurun – atanın qarşı tərəfin maraqlarını hansı həddə tapdamasından asılıdır. “Günah”ın böyüklüyündən asılı olaraq, məmurun özü ilə yanaşı, nəinki ailə üzvləri, hətta uzaq qohumları da cəzalandırıla bilər. Ola da bilər ki, heç ailə üzvlərinə dəyməsinlər. Bu, yuxarıların qərarından asılıdır”.

Politoloq Ərəstun Oruclu bildirdi ki, “vəzifəli şəxslərin istedadlı, qabiliyyətli övladları strategiyası” hələ 20 il əvvəl Ramiz Mehdiyev tərəfindən yaradılıb və idarə edənlərin övladlarına hakimiyyətin ötürülməsi bir konsepsiya şəklində hazırlanıb:

“Bu, təsadüfi hadisə deyil, sistemli fəaliyyətdir. Onların məhz dövlət qulluqçusu olması, hüquq-mühafizə orqanları və məhkəmə sistemində cəmləşməsi planlıdır. Hakimiyyət nümayəndələri özlərini qorumağı təbii ki, sosial, siyasi, hüquqi, iqtisadi islahatlarda görmürlər. Onlar qorunma vasitəsi kimi zor aparatını, güc maşınını görürlər. Həmin o zorakılıq aparatına da gətirib öz övladlarını yerləşdirirlər. Yeni Yasamalda vətəndaşlara qarşı polis zorakılığında gördük ki, əsas zorakılıq edənlərdən biri, adamı yatağından çılpaq, döyə-döyə aparan polis icra başçısının oğlu, başqa bir icra başçısının da kürəkəni idi. Yüksək vəzifəli məmurların bir-biri ilə quda olması da təsadüf deyil. Bu, feodal üsul-idarəyə qayıdışdır, feodalizmin ən primitiv formasıdır”.

Məmur övladlarının vəzifəyə təyin olunmaq üçün imtahan və müsahibələrdən keçmək öhdəliyinə gəlincə, Ə.Oruclu deputatların parlamentə yerləşdirilməsini xatırlatdı:

“Milli Məclisin deputatları necə yerləşdirilirsə, onlar da bu qaydada yerləşdirilir. Yəni imtahanlar, testlər formaldır. Azərbaycanda ad-sanı, nüfuzu ilə tanınan şəxslər vəkillik imtahanından “keçmədiyi” halda, bir də baxırıq ki, bütün tələbəlik boyu bahalı maşınlarda, xarici ölkələrdə gəzib-dolanmış, üzə çıxanda adi bir məsələni izah etmək qabiliyyəti olmayan övladlar gəlib yüksək vəzifələr tuturlar”.

Ekspert korrupsiyada ittiham olunan məmurların övladlarının Korrupsiyaya Qarşı Mübarizə İdarəsində işlə təmin olunmasına da diqqət yetirdi. Onun sözlərinə görə, normal ölkədə bu təyinatlara görə izahat tələb olunardı:

“Bu idarənin təyinatı korrupsiyaya qarşı mübarizə aparmaq olmalıdır. Amma bunların özləri korrupsiya ilə məşğul olurlar. Azərbaycanda korrupsiyaya qarşı mübarizənin özü birabırçı görüntüdür. “Korrupsiyaya qarşı mübarizə” adı altında cəzalanan məmurlar ya fərqli qruplaşmaya daxil olublar, ya yeyinti məsələsində aldadıblar, ya hardasa bir siyasi səhvə yol veriblər. Ən başlıca cəza da onların topladıqları sərvətlərin əllərindən alınmasıdır. Belə olan halda, onların övladları da “etibarsız” kateqoriyasına aid edilir və kənarlaşdırılır. Hakimiyyətin idarəetmə prinsipləri baxımından məntiqli yanaşmadır. Amma normalda belə olmamalıdır. Övlad valideynə görə məsuliyyət daşımır. Övladın valideynə və ya valideynin övlada görə cəzalandırılması Stalin prinsipidir”. //PRESSKLUB.AZ//

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ