Sizin reklam burada
Sizin reklam burada

Kürün səviyyəsi sürətlə azalır... - QITLIQ QAPIDA!

Kürün səviyyəsi sürətlə azalır... - QITLIQ QAPIDA!



Bir sıra rayonlarımızda – xüsusilə də Kür- Araz ovalığında bu il də quraqlıq problemi yarana bilər.

Xatırladaq ki, ötən il Kür çayında suyun səviyyəsinin azalması bu bölgə ciddi quraqlıq probleminin yaranmasına səbəb olmuşdu. Bu problem Neftçala rayonunda xüsusi ilə acınacaqlı vəziyyət yaratmışdı. Həm sakinlərin içməli su problemi mövcud idi, həm də əkin sahələri, heyvandarlıqda su çatışmazlığına görə problemlər yaşanırdı.

Qış fəsli olmasına baxmayaraq, son günlər Kür çayında suyun səviyyəsi sürətlə aşağı düşməyə başlayıb. Bu, daha çox Kürün Salyan rayonu ərazisindən keçən hissəsində müşahidə olunur, Son bir neçə gündə çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi 1,7 metr aşağı düşüb.

Nəticədə Kürün müxtəlif yerlərində adacıqlar əmələ gəlib. Bununla yanaşı, sahilboyu quraşdırılmış su nasoslarının tam gücü ilə işləməsində çətinliklər yaranıb. Mütəxəssislər hesab edir ki, çayda enmələr bu templə davam etsə, yaz və yay aylarında əkin sahələrinin suvarılmasında yenidən çətinliklər yarana bilər.

Qeyd edək ki, bir ay əvvəl Kürdə suyun səviyyəsi 3,6 metr qalxmışdı.

AMEA Coğrafiya İnstitunun rəhbəri Ramiz Məmmədov Cebhe.info-ya açıqlamasında bildirib ki, yazda durumun necə olacağını araşdırmaq lazımdır:

“Bir qədər əvvəl rayonlara qar yağmışdı. Ona görə yazda su bir qədər çoxala bilər. Bunun üçün ilk növbədə helikopterlə uçuş edib, qarın qalınlığını ölçmək lazımdır. Böyük Qafqazda, Kiçik Qafqazda, yamaclarda qarın səviyyəsinin necə olmasına əsasən demək olar ki, yaz dövrü üçün su qıtlığı olacaq, yoxsa yox. Uçuş yoxdursa, deyilənlər tapmaca kimi bir şeydir. Yay fəslinə gəldikdə, bu, iqlim durumuna bağlı olacaq”.

Ramiz Məmmədov deyir ki, suvarmada su qıtlığını önləmək üçün üçün alternativ yol müasir suvarma üsullarına – damcılama, sızma üsullarına keçiddir:

“Bunlar bir az bahalı üsullardır. Azərbaycanda bu, tədricən tədbiq olunmağa başlanıb. Bəzi yerlərdə tətbiq olunur. Birdən-birə keçid etməyə nə hökumətin, nə də fermerin gücü çatar. Artıq belə layihələr, damcılama, sızma üsulu ilə suvarılan ərazilər var. Amma bunun tezliklə bütün ölkəni əhatə etməsi mümkün deyil. Tədricən keçid olacaq”.

Qeyd edək ki, durumla əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyindən mövqe ala bilmədik.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ