Sizin reklam burada
Sizin reklam burada

Tarif Şurası niyə məxfi işləyir? - AKTUAL

Tarif Şurası niyə məxfi işləyir? - AKTUAL




Azərbaycanda kommunal tariflər, yanacaq məhsulları, nəqliyyatda gediş haqları, dərman preparatları və s. xidmətlərin, məhsulların qiyməti və yığımların rüsumları dövlət tərəfindən tənzimlənir. Prezidentin 26 dekabr, 2005-ci il tarixli fərmanı ilə yaradılan Tarif Şurası bu fəaliyyəti həyata keçirir. Qurumun Əsasnaməsində yazılıb ki, Şura iqtisadiyyat naziri sədr olmaqla, maliyyə, vergilər, ədliyyə, energetika, nəqliyyat, rabitə və yüksək texnologiyalar, kənd təsərrüfatı, səhiyyə, təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinlərindən, eləcə də Dövlət Gömrük və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrlərinin müavinlərindən ibarət təşkil olunur.

Şura hökumət adından ölkənin sosial-iqtisadi həyatında mühüm dəyişiklərə səbəb olan rəsmi qərarlar verir. Buna baxmayaraq, 15 illik təcrübədən məlumdur ki, qurumun fəaliyyəti ictimaiyyət üçün açıq deyil. Məsələn, tariflərlə bağlı müzakirələrə media və ictimaiyyət nümayəndələri, maraqlı tərəflərin təmsilçiləri dəvət edilmir. Qərarlar adətən gecə saat 12-dən sonra açıqlanır və bunun hansı zərurətdən irəli gəlməsi barədə də heç bir informasiya verilmir. Şura parlament qarşısında hesabatlı deyil, Əsasnaməsində yazılıb ki, fəaliyyətində prezidentin, Nazirlər Kabinetinin fərman və sərəncamlarını, qərarlarını rəhbər tutur. Nəticədə Tarif Şurası kimi çox mühüm qərarlar vermək səlahiyyəti olan qurum tamamilə ictimai nəzarətdən və hesabatlılıqdan kənar qalıb. Xüsusi xidmət orqanlarına xas olan bu məxfilik və mübhəm nədən qaynaqlanır?

Tanınmış iqtisadçı Rövşən Ağayev “Press Klub”a şərhində bildirdi ki, Tarif Şurası qiymətləri bahalaşdırmazdan əvvəl maraqlı tərəflərlə, xidmət sektorunun rəhbərləri və ictimaiyyət nümayəndələri ilə müzakirələr keçirməlidir. Onun fikrincə, qərarvermə mexanizmi, əsaslandırılması şəffaf olmalıdır. Xüsusən, bahalaşan mal və xidmətlərin maya dəyəri barədə ictimaiyyətə dəqiq bilgi təqdim olunmalıdır.

Ekspert SOCAR-ı misal çəkərək qeyd etdi ki, inhisarçı olan bu dövlət şirkəti qanunvericiliyə görə, bütün fəaliyyəti ilə bağlı cəmiyyətə məlumat verməlidir:

“Bu şirkətin təklifi ilə yanacağın qiyməti artırılır. Amma siz məsələn, yanacağın bir tonunun maya dəyərinin neçəyə başa gəlməsi, buna hansı istehsal proseslərinin təsir etməsi barədə şirkətin saytında məlumat tapa bilməzsiniz. Ümumiyyətlə, bu şirkət tam qapalı və qeyri-şəffafdır”.

Ağayev hesab edir ki, Tarif Şurası qiymətlərin bahalaşmasının aqrar və nəqliyyat sektoruna necə təsir edəcəyi ilə bağlı detallı araşdırma təqdim etməliydi. Bilinməliydi ki, qiymət artımı bu sektorda istehsal olunan malların maya dəyərinə hansı miqdarda təsir edəcək, hökumətin dəstək, kompensasiya mexanizmləri nədən ibarət olacaq? “Eyni qaydada yanacağın bahalaşması nəqliyyatda sərnişindaşıma və yükdaşıma xidmətlərinə ciddi təsir göstərəcək. Tarif Şurası bu xidmət sahələri üzrə araşdırma təqdim edib, ictimaiyyəti məlumatlandırmağa borcludur. Amma təəssüf ki, biz bunu görmədik, ictimai etiraz yaradan səbəblərdən biri də budur”, – deyə iqtisadçı vurğuladı.

Ağayev problemin həllini hökumətin qiymətlərin liberallaşdırılmasına və bazar tənzimlənməsinə şərait yaratmasında görürür:

“Belə olarsa, neft məhsullarının daxildə satış qiyməti dünya bazarına uyğun tənzimlənə bilər. Məsələn, ABŞ-da vaxt vardı, yanacağın qiyməti indikindən iki dəfə baha idi, çünki qlobal bazarda rəqəmlər yüksək idi. Yaxud Türkiyə dünyada benzinin və dizelin ən baha olduğu ölkələrdən biridir. Bu ölkələrdə qiymət tənzimlənmir və bazar şərtlərinə uyğun olaraq artır və ya azalır. Nəticədə istehlakçılar bu dəyişkənliyi normal qarşılayırlar. Azərbaycanda da qiymətlər bazar şərtləri əsasında formalaşarsa, sizi inandırım, bundan daha artıq olan tariflərə belə ictimai etiraz olmaz”.

İqtisadçı hesab edir ki, hökumət qiymət artımlarında tələsib. Onun fikrincə, 3-4 ay sonra da bu addımı atmaq mümkün idi:

“Məlumdur ki, pandemiya ölkədə ciddi iqtisadi, sosial gərginlik yaradıb. Əhalinin böyük bir hissəsi işini itirib, gəlirdən məhrum olub. Qarşıdakı aylarda vaksinləşmə aparılacağı və yoluxmanın səngiyəcəyi gözlənilir. Bu da öz növbəsində iqtisadiyyatın yenidən canlanmasına şərait yaradacaq. Qiymətləri o ərəfədə qaldırsaydılar, bəlkə də məntiqə daha uyğun olardı”.

Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə bildirdi ki, ümumiyyətlə, dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin, xidmət haqlarının, yığımların Tarif Şurası tərəfindən tənzimlənməsi düzgün hesab edilə bilməz:

“Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 15-ci bəndinə görə, maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər Milli Məclis tərəfindən müəyyən edilir. Bu, o deməkdir ki, Milli Məclis “Dövlət rüsumu haqqında” qanunla rüsumları tənzimlədiyi kimi, tariflərlə bağlı məsələlər də “Tariflər haqqında” qanunla tənzimlənməlidir”.

Hüquqşünas təəssüflə qeyd etdi ki, indiki halda dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin, xidmət haqlarının, yığımların dövlət tənzimlənməsi Nazirlər Kabinetinin 2002-ci il, 31 yanvar tarixli, 17 nömrəli qərarı ilə yaradılan və prezidentin 2005-ci il, 26 dekabr tarixli, 341 nömrəli fərmanı ilə yeni Əsasnaməsi və tərkibi təsdiqlənən Tarif Şurası tərəfindən qeyri-şəffaf həyata keçirilir:

“Halbuki Tarif Şurasının fəaliyyətinin şəffaflığı onun öz Əsasnaməsindən irəli gələn tələbdir və tariflərin dəyişdirilməsi ilə bağlı məsələlər elə müzakirə mərhələsindən ictimaiyyətə açıq olmalıdır. Bununla bağlı bir məsələni də qeyd edək ki, tənzimləmələrin bir hissəsi dövlət xidmətlərinə dair xidmət haqları ilə bağlı olduğundan bu tariflərin maraqlı şəxslərin özləri tərəfindən – xidmət göstərən icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilməsi də düzgün hesab edilə bilməz”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ