Xəbər lentİ


Hasarlanmış Xəzər xalqa qaytarılacaq?

08:32, 22.05.20
156
gundem
Hasarlanmış Xəzər xalqa qaytarılacaq?



Xəbər verildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bu mövsümdə çimərliklərin açılacağını deyib.

O bildirib ki, sosial məsafənin qorumaq və digər qaydalara əməl etmək şərti ilə yaxın gələcəkdə çimərliklərin açılması nəzərdə tutulub.

Abşeron çimərliklərin əksəriyyəti mövsüm başlanan kimi çəpərlənir. Qanunsuz çəpərləmələr vətəndaşların çimərliklərə sərbəst (pulsuz) girişini əngəllənməsidir. Belə ki, sözügedən şəxslər sərbəst istifadə üçün yaradılmış çimərliklərə şlaqbaumlar qurur, vətəndaşlardan pul alaraq onları çimərliyə buraxırlar. Bunun qarşısını almaq üçün isə BŞİH çimərliklərdə monitorinqlər aparır və qanunsuz çəpərləmələri aradan qaldırır.

Hazırkı vəziyyətlə bağlı məlumat almaq üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov bildirdi ki, hazırda Xəzər sahillərində monitorinqlər aparılır, qanunsuz şlaqbaum yoxdur:

“Hazırda çimərliklərdə monitorinq keçiririk. Özəllər istisna olmaqla, digər çimərliklərdə qanunsuz şlaqbaumlar yoxdur. Olsa da, onlar söküləcək. Hazırda biz yay çimərliklərinin açılışına hazırlaşırıq. Havanın küləkli və soyuq olmasına görə çimərlik sahibləri, nəzarətçi və idarəçilər yerində olmadığı üçün biz ərazilərə daxil olmuruq. Yəqin ki, iyun ayının birindən bu məsələlərə start veriləcək. Aparılan yoxlamalar çimərlik mövsümü boyunca fasiləsiz davam edəcək. Yəni çimərliklər açılarkən vətəndaşların dənizə sərbəst girişinin təmin olunması tərəfimizdən nəzarətə götürülüb. Çimərlik dövrü ərzində də bu kimi hallara qarşı mübarizə aparılacaq, problem olmayacaq”.

BŞİH-in hər il apardığı nəzarət tədbirlərinə rəğmən yenə də bir sıra çimərliklərin mövsüm başlayar-başlamaz qanunsuz şəkildə çəpərləndiyinin şahidi oluruq. Hətta vətəndaşlar vəziyyəti yerində videoya çəkərək öz sosial media hesablarında paylaşırlar.

Sözügedən məsələ Milli Məclisin müxtəlif üzvləri tərəfindən dəfələrlə qaldırılsa da, nədənsə problemin aktuallığı hər il özünü qoruyub saxlayır.

Son aylarda isə dövlətin atdığı qətiyyətli addımlar sayəsində icra başçıları tərəfindən qanunsuz zəbt olunmuş torpaqların vətəndaşlara qaytarılmasını müşahidə edirik.

Maraqlıdır, qanunsuz zəbt olunmuş Xəzərsahili çimərliklər xalqa qaytarılacaqmı?

“Cümhuriyət” qəzetinə açıqlamasında deputat Fəzail Ağamalı deyib ki, sözügedən məsələ ilə bağlı müvafiq addımlar atılacağına ümid edir:

“Mən bu məsələni bir dəfə Milli Məclisdə qaldırmışam. Ondan sonra da bu məsələ aktuallaşdı. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çox gözəl bir təşəbbüslə çıxış etdi. Bundan sonra 10-dək ictimai çimərliklər yaradıldı və insanların dəniz sahilində istifadə etmək imkanları önə çıxdı. Bu son dərəcə mühüm bir addım idi. Bundan sonra qanunsuz çəpərləmələrin necə qaldırılacağı müvafiq icra strukturlarından asılıdır. Onu da qeyd edim ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu baxımdan prinsipial mövqe tutur və qanunsuz hərəkətlərin reallaşmasına imkan vermir. Çalışır ki, onun rəhbərliyi dövrünə qədər qanunsuz yollarla yaradılmış maneələri aradan qaldırsın. Xəzər dənizi Azərbaycan xalqının milli sərvətidir və bizim də istəyimiz ondan ibarətdir ki, o xalqın üzünə açıq olsun. Yanaşmamız bundan ibarətdir və ümidvaram ki, bununla bağlı müvafiq addımlar atılacaq”.

Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa da bəzi çimərliklərin qanunsuz zəbt olduğunu deyib:

“Bunu edənlər müəyyən qurumlara rüşvət formasında vəsait ödəyiblər. Çimərliklərlə bağlı müəyyən məqamlar var ki, həllini tapmayıb. Yəni pandemiyadan sonra çimərliklərin necə fəaliyyət göstərəcəyi və digər məsələlər. Hazırda fikirlər ən çox bu isiqamətdə köklənib. Müəyyən qurumlara rüşvət verərək o çimərlikləri götürənlər də bizim vətəndaşlarımızdı. Sabah verdiyi vəsaitə rəğmən çimərliyi onun əlindən alanda bu daha çox ədalətsizlik olur. Ona görə də bu məsələdə həmin şəxslərin hüquqi sənəd əldə etməsinə kömək etmək lazımdır. Qoy özəl olsun və yaxşı xidmət təşkil etsin.

Çünki başqa yerlərə nəzərən dəniz kənarında küləyə görə turizmi inkişaf etdirmək çətindir. Ümumən insanların ora getməsinə mane olmursa, yolu kəsmirsə, hasar hörmürsə və digər zəbtedici komponentlər yoxdursa, çimərliyi sənədləşdirib o iş adamlarına vermək lazımdır. Yəni həmin çimərliyi işlədən şəxs həm çörək pulu qazanacaq, həm də insanlara yüksək səviyyəli xidmət göstərəcək. Amma bütün çimərliklərdə şlaqbaumlar sökülməlidir. İnsanların sərbəst girişinə mane olunmamalıdır. Sadəcə, oranı işlədən şəxs göstərdiyi xidmət qarşılığında pul ala bilər. Hər yeri çəpərləməklə olmaz ki”.

Fikirlər

 Oxşar xəbərlər: