Xəbər lentİ


Biz dövlət başçımızla birlikdə güclüyük!

17:39, 08.04.20
10 361
cemiyyet / idman
Biz dövlət başçımızla birlikdə güclüyük!





Bu gün ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə birbaşa Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti tərəfindən xüsusi tədbirlərin həyata keçirilməsi uğurla davam edir. Artıq xəbər verildiyi kimi, aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında yeni yaradılmış tibbi maska istehsalı müəssisəsinin açılışı olmuşdur. Açılışda dövlət başçımız cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmişlər.

Bu müəssisənin açılışı həqiqətən də yüksək nailiyyətdir və istər siyasi, istərsə də iqtisadi baxımdan çox böyük əhəmiyyət kəsb edir. Bir çox digər məqamlarla yanaşı tibbi maska istehsalı müəssisəsinin açılışı hətta belə bir gərgin şəraitdə də Azərbaycanda Ölkə Prezidenti tərəfindən kiçik və orta sahibkarlığın inkişafına necə böyük önəm və dəstək verildiyini nümayiş etdirdi. Həqiqətən də bu gün ölkəmizin iki ən böyük sərvəti neft və sahibkarlardır. Sahibkar dövlətin sütunu, iqtisadiyyatın və inkişafın aparıcı qüvvəsidir. Tibbi maska istehsalı müəssisəsinin açılışında etdiyi çıxışında da dövlət başçımız sahibkarlara verdiyi önəmi bir daha vurğulayaraq bildirdi ki, bütün məmurlar da sahibkarlara dəstək verməli, onlara mane olmamalıdırlar. Əlbəttə ki, söhbət öz işini düzgün quran, şəffaf maliyyə hesabatlarını təqdim edən, vergilərdən yayınmayan sahibkarlardan gedir. Söhbət Vətənini, xalqını qəlbən sevən, Ölkə Prezidentinə sədaqətlə xidmət edən insanlardan gedir. İsa (ə.s) peyğəmbərin də dediyi kimi, rəsul yaradanına, məmur ağasına, müasir dildə desək, rəhbərinə sadiq olmalıdır. Və bu gün bizim həqiqətən də belə gənc, vətənpərvər sahibkarlarımız çoxdur. Məhz onlara hər cür dəstək verilməli, güzəştli kreditlər ayrılmalıdır. Belə olan halda həm idxalın həcmi, həm də ölkədə zavod və fabriklərin, istehsal müəssisələrinin sayı o qədər artar ki, hətta evdə oturan 70 yaşlı xanım təqaüdçülərə də bir işçi qüvvəsi kimi ehtiyac yaranar. Bəli, bu gün Ölkə Prezidenti bu istiqamətdə çox iş görür. Lakin bütün bu işlərdə də biz hamımız dövlət başçımıza kömək etməli və dəstək verməliyik.

İlk növbədə insanlar öz daxillərini təmizləyərək, paxıllıqdan və qısqanclıqdan uzaq olmalıdırlar. Əlbəttə, adi bir hərəkətsiz əşyaya da irad tutmaq olar. Xarici ölkələrdə, eləcə də öz ölkəmizdə oturub, bu xalq üçün, Azərbaycan üçün bir daşı daş üstünə belə qoymadan gecə-gündüz əsassız, cəfəng sözlər danışmaq asandır. Təəssüflər olsun ki, belələrinin bəsirət gözləri bağlıdır. Həqiqətən də müstəqillik tarixi yüz illərlə hesablanan ölkələrin, Amerika, Almaniya kimi superdövlətlərin iqtisadiyyatını 30 ilə yaxın müstəqillik tarixi olan və hazırda müharibə şəraitində yaşayan Azərbaycanla müqayisə etmək gülüncdür. Amma Allah hamımıza ömür əta etsin və biz daha 30-40 ildən sonra bu mövzunu bir də müzakirə edək. İnsan danışanda haqq-ədalətlə danışmalıdır. Həqiqət hər şeydən üstün durmalıdır. Bu gün Azərbaycanda iqtisadi inkişafın səviyyəsini kiçimsəmək istəyənlər qaçqın və məcburi köçkün ailələri üçün inşa olunan evləri, hətta bütöv qəsəbələri, orduya alınan müasir silahları, çəkilən yolları, salınan körpüləri, tikilən təhsil və səhiyyə müəssisələrini, inzibati-sosial binaları, salınan park və bulvarları, davamlı olaraq artan maaşları və təqaüdləri və daha nələri, nələri niyə görmək istəmirlər? Bir daha deyirəm, əgər biz bütün bu proseslərin daha da sürətlənməsini istəyiriksə, bunun yeganə yolu çalışmaq, birlik olmaq və dövlət başçımıza bu yolda dəstək olmaqdır.

Yeni istehsal müəssisəsinin açılışı ilə bağlı ən əhəmiyyətli məqamlardan biri də budur ki, dövlət başçımız cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müəssisənin açılışında bilavasitə iştirak etmələri ilə ən çətin və təhlükəli anlarda belə Azərbaycan xalqı ilə birlikdə olduqlarını və bütün prosesləri ciddi nəzarətdə saxladıqlarını bir daha nümayiş etdirdilər. Xüsusilə ölkənin birinci xanımı Mehriban Əliyeva bu gün ölkəmizin inkişafı, xalqın rifahı

naminə çox böyük fədakarlıqla çalışır, dövlət başçımızın bütün işlərində onun ən böyük yardımçısı olur. Həqiqətən də bu gün dünyanın heç bir yerində, heç bir ölkənin birinci xanımı öz xalqının rifahı naminə bu qədər çalışmır, bu qədər fədakarlıq nümayiş etdirmir.

Xüsusi olaraq qeyd etmək istədiyim daha bir vacib məqam da Ölkə Prezidentimizin bu çətin sınaq günlərində atdığı növbəti humanist addımla bağlıdır. Belə ki, aprel ayının 6-da dövlət başçımız dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq müvafiq sərəncam imzalayıb. Həmin sərəncama əsasən yaşı 65-dən yuxarı olan 176 nəfər məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib. Budur əsil humanizm, əsil insan sevgisi. Bütün dünyanı silkələyən, bəzi ölkələri isə artıq çarəsizlik durumuna gətirən bir şəraitdə Azərbaycan vətəndaşları dövlətin qayğısını hər gün daha çox hiss edirlər. Həm də bu qayğı cəmiyyətin istisnasız olaraq bütün təbəqələrini əhatə edir. Sahibkarlar, qulluqçular, ziyalılar, aztəminatlılar, işsizlər, təqaüdçülər və məhbuslar – bir sözlə, bu gün Azərbaycanda hər kəs öz dövlətinə güvənir və hər kəs Ölkə Prezidentinin verdiyi ədalətli qərarlardan yetərincə yararlanır. Dövlət başçımız bu çətin günlərdə sözün əsil mənasında hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu bir daha sübut etdi. Ölkə Prezidenti xaricdə yaşayan, işləyən və təhsil alan həmvətənlərimizə də sahib çıxdı. Bu gün “Atletlər kəndi”ndə karantinə yerləşdirilmiş xaricdən gələn insanlarımız üçün hər bir şərait yaradılıb. Gündə 3 dəfə yeməkləri, içməkləri verilir, tibbi xidmətlər göstərilir və bütün digər ehtiyacları da qarşılanır. Həmçinin mən polis əməkdaşlarının bu insanlara qarşı son dərəcə humanist rəftarlarını da xüsusilə qeyd etmək istərdim ki, bu da əlbəttə ki, yenə də dövlət başçımızın bütün bu məsələlərlə bağlı nümayiş etdirdiyi qətiyyətli mövqeyi ilə formalaşan bir haldır. Budur Allahın bəyəndiyi rəhmani siyasət.

Bütün bunların müqabilində bizim də borcumuz bir xalq olaraq, dövlət başçımızın yanında olmaq və gördüyü bütün işlərdə möhtərəm Prezidentimizi dəstəkləməkdir. Biz hər zaman dövlət başçımızla, möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə birlikdə güclüyük və bu birliyin sayəsində bütün çətinliklərin öhdəsindən şərəflə gələcəyik, inşaAllah!

Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti,
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti
Cəsarət Əhmədov.

Fikirlər

 Oxşar xəbərlər: