Xəbər lentİ


Tərtər istiqamətində aktiv döyüş əməliyyatları davam edir - SON DURUM

07:44, 14.10.20
160
bolge
Tərtər istiqamətində aktiv döyüş əməliyyatları davam edir - SON DURUM




Oktyabrın 14-də səhər 7-dən başlayaraq Tərtər istiqamətində döyüşlər yenidən aktiv fazaya keçib. Gecə boyu ara-sıra eşidilən atəş səsləri artıq ara vermir. Birbaşa hərbi əməliyyatların getdiyi əraziyə yaxın yerləşən “Yeni Müsavat”ın Reportyor Qrupu xəbər verir ki, Azərbaycan Ordusu düşməni atəş nöqtələrini, canlı qüvvələrini zərərsizləşdirmək üçün tədbirlər görür. Tərtər rayonu Dağlıq Qarabağla biləvasitə sərhəddə yerləşir.

Düşmən dağlıq hissədə dəmir-beton konstruksiyalı istehkamlarda gizlənərək Tərtər rayonunun daha çox dinc əhalinin məskunlaşdığı ərazilərini atəş altında saxlayır. Bu baxımdan qeyd olunan istiqamətdə düşmən qüvvələrini tezliklə darmadağın etmək çətinləşib. Ermənistan Silahlı Qüvvələri dağlıq ərazilərdəki mövqelərindən daha çox mülki əhalinin yaşadığı ərazilərə atəş açır və ağır, qadağan olunmuş mərmilərə üstünlük verir. Hərbi mütəxəssislər düşmənin bu addımını mülki əhali arasında daha çox qırğın törətmək istəyindən qaynaqlandığını bildirirlər. Bu cür davranışın müharibə cinayəti olduğunu qeyd edirlər.

Artıq döyüşlərin 18-ci günüdür. Azərbaycan ordusu müharibə üçün çox qısa müddət hesab edilən bu zaman axınında düşmənin 30 illik hazırlıqlarına rəğmən ciddi naliyyətlər əldə edib.

Sentyabrın 27-də 6 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Bundan sonra cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Bundan başqa, Ağdərə və Murovdağ istiqamətində ermənilərin bir neçə postu darmadağın edilib. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin Goranboy istiqamətindəki strateji yüksəkliklərdən birini - Murovdağ dağ silsiləsinin Murov yüksəkliyini azad edib. Azərbaycan ordusu Talış kəndi ətrafında bir neçə strateji yüksəkliyi də Ermənistanın işğalçı qüvvələrindən təmizləyib.

Oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu. 1 gün sonra ordumuz Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib. Növbəti gün, oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib. Oktyabrın 13-də ordumuz strateji baxımdan mühüm əhəmiyyət kəsb edən tarixi adı Ağaoğlan olan Hadrutu düşmən işğalından azad edib. “Yeni Müsavat”ın Tərtər rayonuna ezam olanan Reportyor Qrupu xəbər verir ki, ötən müddət ərzində düşmən rayon ərazisinə 14 minə yaxın mərmi atıb. Təkcə oktyabrın 13-də rayon ərazisinə 600-dən çox mərmi və raket atılıb. Vətən müharibəsi başlayandan bu günə qədər Tərtər rayonunda 9 dinc sakin həlak olub, 39 nəfər yaralanıb. Rəsmi mənbələrdən aldığımız məlumata görə 18 gün ərzində ermənilərin Tərtər rayonuna atdıqları mərmi və raketlərlə mülki sakinlərə məxsus 120 ev, 45 yardımçı tikili tamamilə dağılıb, 465 evə, 52 çoxmənzilli yaşayış evinə, 18 sosial obyektə, 7 istehsal sahəsinə, 27 ticarət obyektinə, 14 inzibati binaya ziyan dəyib. Hazırda şiddətli döyüşlər davam edir.

Fikirlər

 Oxşar xəbərlər: